RU

"Otellərin gəlirləri daha da artacaq" - Rəhman Quliyev

Yazını böyüt
Yazını kiçilt

"Bu gün pandemiyadan qalan qadağalar səbəbilə quru sərhədlərin bağlı olması ölkəmizdə yerli turistləri Azərbaycan hüdudlarından kənara deyil, bölgələrə üz tutmağa istiqamətləndirib. Məsələn, pandemiyadan əvvəlki dövrə nəzər salsaq görərik ki, yerli turistlər qonşu Gürcüstana və Rusiyanın Azərbaycana yaxın olan əyalətlərinə gedirdilər. Əlbəttə, turistlərin regionlara axın etməsi yerli komplekslərin marağına səbəb olub. Bu gün regionlarda fəaliyyət göstərən hotellərin fəaliyyətinə də məhz bu dinamika təsir göstərir".

Bunu Hafta.az-a açıqlamasında turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın müxtəlif beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etməsi ölkəmizin iqtisadiyyatının inkişafı insanların sosial rifahının yaxşılaşdırılması, ekonom büdcəli insanların bir addım önə keçməsi bazarda canlanma yaradır: "Bu da hotellərin qiymətlərinə təsir göstərir. Artıq hotellər əvvəlki kimi qiymət endirimi ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparırlar. Əvvəlki dövrdə insanlar ucuz yer axtarırdısa, sosial rifahları yüksəldikdən sonra artıq keyfiyyətli yer axtarırlar. Bu keyfiyyət arxasınca getdikdə artıq bu tələbin qarşısında müvafiq təklif verilir".

R.Quliyev bildirib ki, hotellərdə keyfiyyət artdıqca qiymət artımı qaçılmazdır: “Hansısa hotel servis keyfiyyətini artırmaq üçün işçi sayını artırmalı, yemək çeşidlərinə əlavələr etməlidir, ərazidə mütəmadi təmizlik işləri aparılmalıdır, gigiyenik qaydalara daha çox diqqət edilməlidir, yeni yataq dəstləri və avadanlıqlar alınmalıdır. Təbii ki, bunlar hamısı xərclərə daxildir. Bu xərclər də sifarişçinin hesabına əlavə olunur. Bu zaman qiymətm artımı da qaçılmaz olur. Buna baxmayaraq sevindirici haldır ki, hotellər doludur. Bu bizim iqtisadiyyatımızın artan dinamikasından xəbər verir. Yerləşmə sayı gündən-günə çoxalır”.

Ekspert deyib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, eyni zamanda təhlükəzliyin yüksək səviyyədə qorunub saxlanılması ölkəyə turist axınının sürətlənməsinə imkan yaradır: “Bunu davamlı etmək üçün müxtəlif tədbirlər planı həyata keçirilir. İstənilən halda ölkəyə gələn turist aşağı və ya yuxarı büdcədən asılı olmayaraq müəyyən vəsait xərcləyir. Və bizə də gələn turistlərin sayı daha çox vacibdir. Hazırda ölkəyə gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunur. Bu da istər-istəməz otellərin doluluq səviyyəsinə müsbət təsir göstərir və paralel olaraq otellərin gəlirlərini artırır. Quru sərhədlər açılmasa, biz bu tendensiyanı uzun müddət müşahidə edəcəyik”.

Избранный
35
hafta.az

1Источники