RU

Əli Zülfüqaroğlu: "Beynəlxalq təşkilatlar funksionallığını itirir, yeni addımlar atılmalıdır" – ÖZƏL

Azərbaycan hökuməti  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkədəki nümayəndəliyini bağlamaq niyyətində olduğunu bildirib. BQXK-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Oreli Laşan isə   məsələ ilə bağlı Azərbaycan hakimiyyəti ilə təmasların davam etdiyini açıqlayıb. Laşan, bu prosesin məxfi və ikitərəfli dialoq olduğunu vurğulayıb və hələlik hər hansı bir yekun qərarın alınmadığını bildirib.

Məsələni Olaylar.az-a şərh edən  Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, geosiyasi böhran və beynəlxalq təşkilatların funksionallığını itirməsi, Azərbaycanın və digər dövlətlərin bu təşkilatlara qarşı adekvat addımlar atmasına və yeni təşkilatların formalaşmasına səbəb olacaq:

"Geosiyasi böhran  son zamanlar beynəlxalq təşkilatlarla bağlı da yeni mənzərənin ortaya çıxmasına səbəb olub. Beynəlxalq təşkilatlar artıq funksionallığını itirir və bunun köklü səbəbləri var. İndiyə qədərki fəaliyyət dönəmlərində də bütün istiqamətləri əhatə edən beynəlxalq təşkilatlar güvənli imic qazanmayıb və bir sıra hallarda dövlətlərə qarşı fəaliyyət göstəriblər. Bütün təşkilatlarla bağlı bu ifadəni səsləndirmək mümkündür.  Azərbaycan da USAİD başda olmaqla, son zamanlarda adekvat addım atmağa başlayıb. Bundan sonrakı dövrlərdə biz  ABŞ-nin də bu istiqamətdə addımlarını sürətləndirdiyinin şahidi oluruq. Təbii ki, bu proses getdikcə davam edəcək və bütün istiqamətləri əhatə edən yüzlərlə mondialist təşkilatlara qarşı dövlətlərin ciddi mübarizə aparacağının şahidi olacağıq. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin də fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. İkinci Qarabağ müharibəsi zamanı da bu təşkilatın fəaliyyəti  Azərbaycanda narazılıqla qarşılandı və arzuolunan mənzərə formalaşdırmadı. Düşünürəm ki, Azərbaycan mətbuatı tamamilə adekvatdır və reallığı əks etdirir. Onsuz da, beynəlxalq təşkilatların, BMT başda olmaqla, funksionallığını itirdiyinin şahidi oluruq. Yeni dünya üzərində köhnə təşkilatlar və ittifaqların yeri olmayacaq. Yeni təşkilatların meydana çıxması və bunu dövlətlərin formalaşdırılması gözlənilir. Ona görə də düşünürəm ki, Azərbaycanın bu addımı heç bir problemə və Azərbaycana qarşı hər hansı bir təsirli təzyiqlərin formalaşmasına gətirib çıxara bilməz".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники