Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” olduqlarını bir daha dünyaya nümayiş etdirdi. İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi ilə ölkələrimiz arasında daha bir vacib əməkdaşlığın başlanğıcı qoyuldu. Bu layihənin böyük sosial, iqtisadi və siyasi əhəmiyyəti var. Bütün Naxçıvanı qazla təmin edəcək kəmər iki ölkənin liderlərinin siyasi iradəsi sayəsində gerçəkləşdi. Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixinə önəmli bir gün kimi düşən İğdır-Naxçıvan qaz xəttinin açılışı iki qardaş ölkə arasında ikinci “Ümid” körpüsüdür. Birinci körpü ötən əsrin sonlarında inşa edildi və Türkiyənin Naxçıvana birbaşa dəstəyini, yardımını təmin etdi. Nəticədə ermənilər qədim diyarımızı işğal edə bilmədilər. Bu dəfə isə işə salınan ikinci “körpü” - İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın başqa ölkələrdən qaz asılılığını aradan qaldıracaq, enerji təhlükəsizliyini təmin edəcək. Qısası, bu kəmər münasibətlərimizdə yeni və parlaq səhifə açdı”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Türkiyə-Azərbaycan arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndiyini bildirən deputat Azərbaycanın enerji ixracatı sahəsində Türkiyə vasitəsilə Avropa bazarına çıxış əldə etdiyini vurğulayıb: “2006-cı ildən istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri hər iki ölkənin strateji maraqlarına cavab verir. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya ixracına geniş imkanlar yaradır. Bu kəmərlər Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Azərbaycan qazı bir çox ölkənin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetr olub ki, əsas hissəsi Türkiyəyə, yarısı isə Avropanın 10 ölkəsinə ixrac edilib. Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 9 milyard ABŞ dolları civarındadır. Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları ötüb”.
Deputat qeyd edib ki, yeni qaz kəmərinin işə düşməsi Ramazan ayında Naxçıvanda yaşayan 500 minə yaxın sakin üçün çox qiymətli bayram hədiyyəsi oldu: “Ən əsası İğdırdan gələn qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülür. 80 kilometrlik kəmər gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malikdir. Kəmər Naxçıvanın təbii qaz ehtiyacının hamısını azı 30 il müddətində təmin edəcək gücdədir. Gələcəkdə Türkiyə-Naxçıvan elektrik xətti layhəsinin icra olunacağı proqnozlaşdırılır. Bununla da Naxçıvanın enerji təhlükəsizliyi tam təmin ediləcək. Bu layihələr təkcə Türkiyə və Azərbaycan üçün deyil, xüsusilə Türk dünyası üçün əhəmiyyətlidir. Ölkələrimiz arasındakı birlik, qardaşlıq bütün Türk dünyasının güclənməsinə böyük bir töhfədir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanır. Yaxın illərə qədər əyalət mərkəzini xatırladan, iqtisadi blokadadan əziyyət çəkən Naxçıvan bu gün regional əməkdaşlıq mərkəzinə çevrilib. Muxtar Respublika Azərbaycan-Türkiyə əlaqələrində aparıcı rol oynayır. Türkiyə Naxçıvanın təhlükəsizliyinə tarixən xüsusi önəm verib. Bu kimi əlaqələrin nəticəsidir ki, münasibətlərimiz beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir. Dövlətimiz üçün əsas beynəlxalq əməkdaşlıq platforması Türk Dövlətləri Təşkilatıdır. Bu təşkilat Azərbaycana mədəni, tarixi və siyasi baxımdan çox yaxındır. Ölkələrimiz bütün məsələlərdə bir-birini dəstəkləyir. Münasibətlərimiz bütün dünyaya nümunədir. Türkiyə və Azərbaycan regionda sülh, sabitlik və inkişafı dəstəkləyir. Şübhə yoxdur ki, gələcəkdə Azərbaycan-Türkiyə əməkdaşlığı daha da inkişaf edəcək və Türk dünyasının güclənməsinə töhfələr verəcək. Bu, yalnız regional deyil, qlobal təhlükəsizlik və iqtisadi inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir”.