RU

Paulo Fonseka 9 aylıq cəza aldı - Rəsmi

Lion “Olimpik”inin baş məşqçisi, portuqal mütəxəssis Paulo Fonseka Fransa Liqa 1 tərəfindən 9 aylıq müddətə futboldan kənarlaşdırılıb.

Arena.az bu barədə Liqa 1-in mətbuat xidmətinə istinadən məlumat verir:

“Kənarlaşdırma, 2025-ci ilin noyabr ayının 30-u tarixi də daxil olmaqla oyuna qədər, oyun zamanı və oyundan sonra ehtiyat oyunçular skamyasına, oyun rəsmilərinin paltardəyişmə otaqlarına girişə və bütün rəsmi səlahiyyətlərə aiddir”, – Fransa Liqa 1-in mətbuat xidməti bəyan edib.

Paulo Fonsekaya, Fransa Liqa 1-in “Brest”lə 24-cü tur ev oyununda (2:1) görüşün baş fransız hakimi Benua Miyoya qarşı fiziki təsir göstərdiyinə görə “qulaqburması” verilib.

Xatırladaq ki, Fonseka əl-qol atması ilə yanaşı, hakimlərin işindən narazılığını hiddətli surətdə bildirmişdi. O, sözügedən oyunun əsas vaxtına əlavə edilmiş təzminat müddətində meydandan qovulmuşdu.

Paulo Fonseka Lion “Olimpik”inin sükanı arxasına yanvar ayının 31-də keçib. Portuqal mütəxəssis “uşaqlar”la müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Fonseka “Olimpik”i 5 oyuna çıxarıb, 3 qələbə, 2 məğlubiyyət yaşayıb. Topların fərqi isə 14:8 nisbətindədir.

24 oyundan sonra 39 xal toplamış Lion “Olimpik”i Fransa Liqa 1-in yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Məşqçilik fəaliyyəti ərzində Fonseka “Eştrela da Amadora”, “Aveş”, “Pasuş de Ferreyra”, “Portu”, “Braqa”, “Şaxtyor” (Donetsk), “Roma” və “Lill” komandalarını da çalışdırıb. Portuqal mütəxəssis sərt nizam-intizamı, yaradıcı yanaşması ilə diqqət çəkir.

Избранный
28
arena.az

1Источники