RU

Çin Avropadan asılıdır, yoxsa Avropa Çindən... - TƏHLİL

Çin və Avropa İttifaqı arasındakı iqtisadi əlaqələr son illər qlobal iqtisadiyyatda mühüm yer tutan mövzulardan biridir. Çin dünya iqtisadiyyatının ən böyük oyunçularından biri kimi Avropa İttifaqı ilə ticarət və investisiya əlaqələrini daim genişləndirir. Lakin bu güclü iqtisadi əlaqələr yalnız iqtisadi faydalarla məhdudlaşmır, burada geosiyasi və strateji məsələlər də önəmli rol oynayır. Avropa artıq Çinlə əlaqələrin daha da dərinləşməsindən narahatdır.

 

Ticarət balansı Çinin xeyrinədir

Çin və Avropa İttifaqı (Aİ) arasındakı iqtisadi əlaqələr son illərdə yeni inkişaf dövrünə qədəm qoyub. 2024-cü ildə Çin ilə Avropa İttifaqı arasındakı ticarət həcmi 0,4 faiz artaraq 786 milyard dollara çatıb. Bu barədə Çin Xalq Respublikasının Gömrük İdarəsi məlumat verib.

Brüsselin proteksionist siyasətinin sərtləşməsinə baxmayaraq tərəflər arasında ticarət dövriyyəsi ilbəil artır. 2024-cü ildə Çin Avropa İttifaqına ixracını 3 faiz artıraraq 517 milyard dollara çatdırıb. Avropa İttifaqından Çinə tədarüklər isə 4,4 faiz azalaraq 269 milyard dollara enib. Çin ilə Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin ən böyük hissəsi Almaniyaya aid olub – təxminən 25 faiz.

Çin və Aİ arasındakı ticarət əlaqələri çox geniş və mürəkkəb bir struktura malikdir. Aİ  Çinin ən böyük ticarət tərəfdaşlarından biridir. Çin Avropaya elektronika, maşın və avadanlıqlar, tekstil və geyim məhsulları, kimyəvi maddələr və metal məhsullar ixrac edir. Aİ isə avtomobil və avtomobil hissələri, aerokosmik texnologiyalar, yüksək texnologiyalı məhsullar, farmaseptik və kimyəvi məhsullar, həmçinin kənd təsərrüfatı məhsulları ixrac edir. Ticarət balansı Çinin xeyrinədir və Avropanın Çindən idxal etdiyi məhsullar, xüsusilə texnologiya və istehsalat sahələrindəki üstünlüklər Avropada yüksək tələbat yaratmaqdadır.

Avropanın Çindən asılılığı

Avropa şirkətləri gəlirlərinin təxminən 8 faizini Çindən əldə edir. Müqayisə üçün bildirək ki, ABŞ-ın şirkətləri bu göstəricinin yalnız 4 faizini əldə edir. Əgər Avropa və Çin arasında ticarət əlaqələrində ciddi bir azalma olsa, bu, Avropada ÜDM-i 2 faiz aşağı sala bilər. Məsələn, Almaniyanın avtomobil istehsalçıları, Fransanın lüks brendləri və Böyük Britaniyanın bankları Çinlə sıx əlaqələrə malikdir. Bu əlaqələrdəki hər hansı problem onlar üçün ciddi iqtisadi itkilərə səbəb ola bilər.

Çinlə olan iqtisadi əlaqələrdə ciddi azalmaların Avropa iqtisadiyyatı üçün fəlakətə səbəb ola biləcəyini nəzərə alaraq, Brüssel Çinlə əlaqələri tamamilə kəsmək əvəzinə, bu əlaqələri tədricən azaldaraq riskləri idarə etməyə çalışır. Avropa Komissiyasının rəhbəri Ursula Leyen, Aİ-nin Çinə qarşı daha ehtiyatlı yanaşmasını təklif edib.

Mütəxəssislər Çinin dünya ticarətində mühüm bir oyunçu olduğunu nəzərə alaraq hesab edirlər ki, Pekin Avropanı elektrikli avtomobillər sahəsində ciddi asılılığa sala bilər. Avropa artıq Çindən asılılığı azaltmaq məqsədilə tədarük zəncirlərində diversifikasiya etməyə başlayıb. Meksika, Hindistan, Mərakeş, Norveç və Türkiyə kimi ölkələrdən tədarük zəncirlərini genişləndirərək Çinlə olan asılılığı azaltmağa çalışır. Avropa 2030-cu ilə qədər bir ölkədən alınan tədarükün 65 faizi keçməməsi üçün yeni qaydalar hazırlamağı planlaşdırır.

 

Çin elektrikli avtomobilləri Avropa sənayesini böhrana sala bilər

Avropa 2035-ci ilə qədər yeni alınan avtomobillərin tamamilə elektrikli olmasını məqsəd qoyub. Çin elektrikli avtomobillər sahəsində dünya bazarına güclü təsir göstərir və bu avtomobillərin qiyməti Fransa, Almaniya və İtaliya modellərindən təxminən 20 faiz ucuzdur.

Mütəxəssislər hesab edirlər ki, Çindən avtomobil idxalı Avropanın avtomobil sənayesinə ciddi təsir göstərə bilər. Avropada avtomobil istehsalı əsas sahələrdən biridir və Çinin avtomobillərini idxal etmək bu ölkələrdə iş yerlərinin itirilməsinə səbəb ola bilər.

Amma Beynəlxalq Valyuta Fondu (BVF) bildirir ki, Avropa  Çinin avtomobillərinə qarşı daha sərt ticarət maneələri yaradarsa, bu "yaşıl" iqtisadiyyata keçidi ləngidə bilər və əlavə CO2 emissiyalarına səbəb ola bilər.

Çin və Avropa İttifaqı qlobal iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq məqsədilə birgə əməkdaşlıq edirlər. Həm Çin, həm də Aİ, karbon emissiyalarını azaldan texnologiyalar və ekoloji təşəbbüslər üzərində işlər aparır. Avropa İttifaqı 2050-ci ilə qədər karbon emissiyasını minimum endirməyi hədəfləyib, halbuki Çin bu məqsədə 2060-cı ildən tez nail olacağını bəyan edib.

Çinlə əməkdaşlıq Avropa üçün təhlükəsizlik məsələsinə çevrilib 

Çin və Avropa İttifaqı arasındakı iqtisadi əlaqələrdə ən mühüm sahələrdən biri də investisiya mübadiləsidir. Çin, Avropada xüsusilə avtomobil, energetika, texnologiya və əczaçılıq sahələrində böyük sərmayə qoyub. Xüsusilə Çin şirkətləri Avropa bazarında 5G şəbəkələri və digər yüksək texnologiya sahələrində əhəmiyyətli investisiyalar yatırır. Avropa İttifaqı isə bu sahələrdə tənzimləmələri sərtləşdirmək və milli təhlükəsizlik məsələlərinə dair daha çox önəm verilməsinin vacibliyini daim bəyan edir.

Çin Avropada çox sayda strateji infrastruktur layihələrinə sərmayə qoyur. Bu layihələr arasında Yunanıstandakı Pires, Belçikadakı Zebrügge limanı və digər limanlar da yer alır. Bu limanlar NATO-nun hərbi baza və logistika şəbəkələrinə yaxın yerlərdə yerləşir.

Çin həmçinin Avropanın enerji infrastrukturuna sərmayə qoyur ki, bu da gələcəkdə NATO-nun hərbi əməliyyatlarını çətinləşdirə bilər.

 

Çin- Rusiya əməkdaşlığı -  Avropa üçün yeni cəbhə

Çin və Rusiya arasındakı münasibətlər son illərdə Avropa üçün ciddi təhlükə yaradır. Çin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə diplomatik dəstək verir. Pekin müharibəyə qarşı sərt bir mövqe göstərməyərək Rusiya ilə bağlı beynəlxalq tənqidlərə qarşı çıxır. Bu Avropa ölkələrində narahatlıq yaradır.

Çin və Rusiya arasında hərbi əməkdaşlıq da mövcuddur. İki ölkə birgə hərbi təlimlər keçirir, dəniz və hava patrulları təşkil edir.

Çin və Rusiya arasındakı enerji əməkdaşlığı da Avropa üçün bir təhdiddir. Çin Rusiyanın neft və qaz resurslarına olan tələbatını artıraraq Avropanın enerji təminatını təhdid edir. Əgər Rusiya enerji ixracını daha çox Asiyaya yönəldərsə bu Avropanın enerji bazarını ciddi şəkildə təsir edəcək.

Qərbin Çinlə iqtisadi əlaqələrini daha da genişləndirməsi və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi fonunda Pekin və Moskva arasında daha sıx əməkdaşlıq  Avropa üçün geosiyasi risklər doğurur.

"Bir kəmər, bir yol" layihəsi

Çinin "Bir kəmər, bir yol" (BRI) təşəbbüsü Asiya ilə Avropa arasında infrastruktur əlaqələrini gücləndirməyə və ticarət yollarını yenidən canlandırmağa yönəlmiş böyük bir qlobal layihədir. Bu təşəbbüs Çinin iqtisadi gücünü artırmaq və dünya miqyasında təsirini genişləndirmək məqsədini daşıyır.

"Bir kəmər, bir yol" təşəbbüsü yalnız fiziki infrastruktur layihələri ilə məhdudlaşmır, həm də lojistik, ticarət, enerji və informasiya mübadiləsi sahələrində də geniş əməkdaşlıq imkanları yaradır. Bu layihə çərçivəsində Çinin Asiya, Avropa və Afrika ölkələrinə sərmayələr qoyaraq dəmir yolu, liman, hava limanı və digər infrastruktur layihələri həyata keçirməsi nəzərdə tutulur.

Avropa İttifaqı bu təşəbbüsü çox diqqətlə izləyir, çünki BRI Avropanın iqtisadi və geosiyasi maraqlarını həm imkanlarla, həm də çətinliklərlə qarşı-qarşıya qoyur. Düzdür, bu layihə Asiya ilə Avropa arasındakı ticarət əlaqələrini gücləndirə bilər, infrastrukturun yaxşılaşdırılması isə ticarət axınlarını daha sürətli və daha effektiv edəcək.

Lakin Avropada bu layihə birmənalı qarşılanmır. Avropa "Bir kəmər, bir yol" layihəsinin yalnız iqtisadi deyil, həm də geosiyasi məqsədləri olduğundan narahatdır. Çin bu təşəbbüslə Asiya və Avropa arasında güclü iqtisadi əlaqələr quraraq geosiyasi təsirini artırmaq istəyir. Avropa bu təşəbbüsün bir çox ölkələrdə iqtisadi asılılıq və borc yükü yarada biləcəyindən narahatdır. Bu xüsusilə inkişaf etməkdə olan ölkələr üçün risklidir.

Avropa İttifaqı Çinlə olan əlaqələri tədricən azaldaraq riskləri idarə etməyə çalışır Lakin Çinin iqtisadi gücü və geosiyasi təsiri bu əlaqələrin sadəcə iqtisadi deyil, həm də təhlükəsizlik məsələsinə çevrilib. Gələcəkdə Çin və Avropa arasında iqtisadi əlaqələrin necə inkişaf edəcəyi maraqlı proseslərlə müşahidə oluna bilər.

Избранный
23
modern.az

1Источники