Sözügedən dəmir yolunun üstünlükləri barədə Redaktor.az-a danışan iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov bildirdi ki, bu, strateji əhəmiyyət daşıyan bir layihədir.
"Azərbaycan Prezidenti Ankarada rəsmi səfərdə olub. Səfərin əsas məqsədi İqdır-Naxçıvan qaz kəmərinin çəkilişi ilə bağlı məsələləri müzakirə etməkdir. Bu, strateji əhəmiyyət daşıyan bir layihədir. Çünki indiyədək Naxçıvanın qaz təminatı əsasən İran vasitəsilə həyata keçirilirdi. Lakin İranda baş verən ciddi proseslər gələcəkdə bu təchizatda problemlər yarada bilərdi. Alternativ variant kimi Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsi bölgə üçün böyük əhəmiyyət kəsb edir.
Cənab Prezident çıxışında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə də toxunub. Bu dəmir yolu Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirib. Layihənin istifadəyə verilməsi ölkənin nəqliyyat və logistika imkanlarını genişləndirərək beynəlxalq ticarətə töhfə verir".
İqtisadçı alim qeyd etdi ki, son illərdə Azərbaycan və Türkiyə münasibətləri getdikcə güclənir.
"İki ölkə arasında həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlıq genişlənir. Ticarət dövriyyəsinin artması da bu inkişafın bariz nümunəsidir. Qlobal siyasətdəki mürəkkəb və təzadlı proseslər fonunda Azərbaycan və Türkiyənin yüksək səviyyədə münasibətlərə malik olması mühüm əhəmiyyət daşıyır. Prezidentlərin dostluq və əməkdaşlıq münasibətləri ölkələrimiz üçün vacibdir. İmzalanan bəyannamələr və dövlətlərin bir-birinin təhlükəsizliyinə qarantiya verməsi strateji baxımdan önəmlidir.