RU

Abituriyentlər niyə son anda qeydiyyatdan keçir? - Səhlənkarlıq, yoxsa çətin prosedur...

Ali və orta ixtisas təhsil müəssisələrinə 128766 nəfər qeydiyyatdan keçib. Hər il olduğu kimi bu il də qeydiyyat müddətinin saatı uzadıldı. Rəqəmlərə baxanda görürük ki, illərdir namizədlər sanki son saatları gözləyirmişcəsinə axırda qeydiyyatdan keçirlər, ya da keçməyə cəhd edirlər.

 

Bəs bu niyə belədir? Abituriyentlərmi səhlənkardır, yoxsa prosesmi qəlizdir?

 

AzEdu.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib ki, abituriyentlərin son saatlarda qeydiyyatdan keçməsi müxtəlif amillərlə əlaqədardır:

 

“Dövlət İmtahan Mərkəzinin məsləhət mərkəzlərində qeydiyyatdan keçmək üçün müraciət edən abituriyentlərdən bir sıra sənədlər tələb olunur. Həmin sənədlərin toplanılması isə müəyyən vaxt alır. Düşünürəm ki, burada məsləhət mərkəzlərində də təqsir var. Abituriyent gedir X ünvandakı məsləhət mərkəzinə, ora isə deyir ki, bu proses üçün Y ünvanındakı mərkəzə yaxınlaş. Yaxşı olardı ki, DİM hansı  ərizələri hansı mərkəzin təsdiqlədiyini və bu proses üçün hansı sənədlərin tələb olunduğunu açıq-aydın qeyd etsin.

 

Bundan əlavə son anda qeydiyyatdan keçmək məsələsində abituriyentlərin də səhlənkarlığı var. Bütün abituriyentləri demək olmaz, amma bəziləri, xüsusən də ötən illərin məzunları bir qədər səhlənkar yanaşırlar.

 

Amma səhlənkarlardan əlavə bir kateqoriya da var, onlar “məlumatsızlardır”. Onlar düşünürlər ki, qeydiyyat prosesini məktəb həyata keçirəcək. Unutmaq olmaz ki, ümumi təhsil müəssisəsi yalnız attestat almağı təmin edir, ali və orta ixtisas təhsil müəssisələrinə qeydiyyatı vətəndaş özü edir. Əslində çaşqınlığın səbəblərindən biri də qeydiyyat prosesinin uzunluğudur. İmtahanların hər cəhdi üçün ayrıca qeydiyyat tələb olunur. Bu isə insanlarda müəyyən yanlış anlaşılmalara səbəb olur”,- deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Избранный
19
azedu.az

1Источники