“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi yaşa dolduqca oyun üslubunun necə dəyişdiyini açıqlayıb.
Arena.az məlumat verir ki, Messi bu barədə “Apple Music”ə müsahibəsi zamanı söhbət açıb:
“Karyeram ərzində mənim oyun üslubum dəyişib. Kareramın əvvəlində mən cinahda oynayardım, sonra isə – hücumun mərkəzində. Onda mənin çox azadlığım vardı, mən meydanda istədiyim kimi yerdəyişmə edərdim.
Mən həmişə özümə və komanda yoldaşlarıma meydanda məkan yaratmağa, səmərəli olmağa çalışmışam. Mən beləcə böyümüşəm. Mənim məqsədim həmiş düzgün mövqe seçmək və bu üstünlüyümdən yararlanmaq olub. Mən oyunu öncədən görə bilmərəm, amma mən onu müşahidə edib izləyə bilərəm. Biz ya özümüzə ya da rəqibə ziyan vura bilərik. Ona görə də bacardıqca cəld fəaliyyət göstərmək gərəkdir”, deyə “Leo” vurğulayıb.
Lionel Messi 2000-2021-ci illərdə “Barselona”nın düşərgəsində olub, kiçik bir oğlandan görkəmli oyunçuya qədər uzun bir futbol yolu keçib, çoxsaylı komanda və fərdi qənimətləri qazanıb.
Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” yeni mövsümdə 3 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 42 oyun, 36 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.