RU

ADNSU tələbəsinin süni intellekt layihəsi: “Prokuror köməkçisi” – MÜSAHİBƏ

Bakı, 7 mart, Aysel Azad, AZƏRTAC

Müasir dövrdə süni intellekt müxtəlif sahələrdə tətbiq olunur və insan fəaliyyətini asanlaşdırır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kompüter mühəndisliyi ixtisası üzrə ikinci kurs tələbəsi Rahim Nurəliyev də bu texnologiyadan hüquq sahəsində istifadə etməyə qərar verib. O, Azərbaycan qanunvericiliyinə əsaslanan və verilən informasiyanı təhlil edərək hüquqi rəy bildirən “Prokuror köməkçisi” adlı süni intellekt proqramını yaradıb.

AZƏRTAC-ın əməkdaşı bu innovativ layihə barədə daha ətraflı məlumat almaq üçün Rahim Nurəliyevlə söhbətləşib.

Rahim Nurəliyevin 18 yaşı var. Orta təhsilini S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında alan qəhrəmanımız uşaqlıqdan proqramlaşdırma, kibertəhlükəsizlik sahələrinə maraq göstərib. On yaşı olanda “Python” haqqında kifayət qədər bildiyini söyləyən Rahim özünü inkişaf etdirərək bu sahəyə yönəlib. O, həmçinin Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edib, “Google Cloud Security” sertifikatına sahibdir. Gələcəkdə təhsilini magistratura pilləsində ADNSU və yaxud da Almaniyada kibertəhlükəsizlik üzrə davam etdirməyi planlaşdırır.

“Məhkəmə zallarını süni intellekt idarə edə bilərmi?”

Rahim deyir ki, təxminən dörd ay əvvəl oxuduğu “Məhkəmə zallarını süni intellekt idarə edə bilərmi?” adlı xəbərdən sonra “Prokuror köməkçisi” adlı süni intellekt proqramını yaratmaq qərarına gəlib. Rahimin layihə üzərində çalışmaqda məqsədi həm də özünü inkişaf etdirmək olub: “Hazırda dünyada məşhur süni intellekt modelləri Azərbaycan qanunvericiliyini tam mənimsəmiş deyil. Lakin “Prokuror köməkçisi” xüsusi olaraq Azərbaycan Cinayət Prosessual Qanunvericiliyi və prokurorluqla bağlı digər qanunlarla təchiz edilib. Bu süni intellekt Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq verilmiş informasiyanı təhlil edir, uyğun hüquqi bəndləri nümayiş etdirir və işin gedişatı ilə bağlı rəy bildirir. Hər hansı cinayət xarakterli hadisə süni intellekt proqramına qeyd edilir və proqram qanunvericiliyə müvafiq olaraq həmin cinayət tərkibinə uyğun müvafiq maddələrə əsaslanaraq cəza tədbirlərini təqdim edir.

Sadə vətəndaş qanunvericiliyə zidd olan addımları və inzibati xətalara görə hansı maddəyə müvafiq cəza tədbirlərini proqramın vasitəsilə qısa bir zamanda müəyyən edə bilər”.

“Öz neyron şəbəkəmi hazırlamağı planlaşdırıram”

Rahim layihə üzərində təxminən dörd ay çalışıb. Hazırladığı proqram “Python” (back-end) və “Vite” (front-end) texnologiyaları ilə işləyir. Cavablar “API” vasitəsilə alınıb ekrana çap olunur. Alqoritm “data learning” əsasında işləyir və qanunvericilik süni intellektə mütəmadi olaraq yenidən öyrədilir.

Gənc ixtiraçının fikrincə, proqram hələ birinci variantında olmasına baxmayaraq təqribən 50 faizdən çox dəqiq məlumat verəcək: “Hazırda proqramdan, sadəcə, öz lokal serverimdə istifadə edirəm. İkinci versiyasını hazırladıqdan sonra istifadəyə verməyi planlayıram. İkinci versiyada təkmilləşdirmə olacaq. Süni intellekt səsləndirmə edəcək. Həmçinin bir neçə funksiya əlavə edib istifadəyə verməyi planlayıram. Birinci versiyada hazır “API” istifadə edirdim. Lakin ikinci versiyada öz neyron şəbəkəmi hazırlamağı planlaşdırıram. Bu, mənim təxminən 3-4 ay vaxtımı alacaq”.

“Prokuror köməkçisi” rəsmi qurumlarda

Rahim Nurəliyev proqramı inkişaf etdirərək ona gələcəkdə digər qanunvericilik sənədlərini öyrətməyi, “Hakim köməkçisi” kimi də süni intellektdən faydalanmağı nəzərdə tutur. Həmçinin proqramın ikinci versiyası hazır olduqdan sonra onu rəsmi qurumlarla paylaşmağı planlaşdırır.

Müsahibimiz bu cür layihələrin ictimailəşməsinin gənc mütəxəssislərdə süni intellekt proqramına olan marağını artıracağına və süni intellektin müxtəlif sahələrdə proqramlaşdırılmasına töhfə verəcəyinə ümid edir.

Избранный
14
azertag.az

1Источники