RU

Şəhid qadınlarımızın xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim edilib

Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü və Yasamal Rayon Mərkəzi Kitabxanasının tərəfdaşlığı ilə keçirilən anım tədbirində Azərbaycan qadınlarının qeyrət və ləyaqət rəmzi olan Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımuradova, Rəhilə Orucova, Gülbar Heydərova, Məlahət Nəsibova, Sədaqət İbadova, Vəfa Mansurova, Arəstə Baxışova kimi şəhid qadınlarımızın xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim edilib.

Herbiand.az xəbər verir ki, bu, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsinə həsr olunmuş silsilə portret filmləri layihəsi əsasında baş tutub.

Layihənin məqsədi gənclərdə milli təfəkkürün formalaşdırılması, yeniyetmə və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətənə sevginin ideal nümunəsi kimi mərdlik və fədakarlıqla döyüşən igid oğulların və qeyrətli Azərbaycan qızlarının örnək həyatını işıqlandırmaq, onların işıqlı xatirəsini kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir. Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevdir.

Filmin ithaf olunduğu qəhrəmanlar Birinci və İkinci Qarabağ müharibəsində böyük şücaətlər göstərərək canından keçən qadınlardır.

Salatın Əsgərova Azərbaycanın ilk qadın Milli Qəhrəmanı olub. Jurnalist kimi könüllü cəbhəyə gedib, 1991-ci ildə Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında həlak olub.

Milli Qəhrəman Gültəkin Əsgərova könüllü cəbhəyə yollanaraq hərbi həkim kimi Şuşada, Turşsuda, Ağdamın Mahrızlı xəstəxanasında yaralı əsgərlərə tibbi yardım göstərib. 1992-ci il iyulun 19-da Aranzəmin uğrunda gedən döyüşlərdə həlak olub.

Qaratel Hacımuradova Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub, könüllü döyüşlərə qatılaraq həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstərib, 1992-ci il iyunun 14-də Aşağı Əskipara uğrunda gedən döyüşlərdə şəhid olub, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Rəhilə Orucova - cəbhəyə könüllü tibb bacısı kimi yollanıb, həm də ön cəbhədə sıravi əsgər kimi döyüşüb, 1992-ci il mayın 11-də Ağdərədə şəhid olub.

Gülbar Heydərova üç qardaşı ilə bərabər könüllü cəbhəyə yollanıb, ona döyüşlərdə iştirak etməklə bərabər həm də Rabitə xidmətinin rəisi vəzifəsi tapşırılıb, döyüş əməliyyatları zamanı məhz onun verdiyi dəqiq koordinatlar nəticəsində saysız düşmən mövqeləri darmadağın edilib.1993-cü il iyulun 24-də Füzuli rayonunda şəhid olub. Prezidenti İlham Əliyevin 2005-ci 24 iyun tarixli Sərəncamına əsasən, ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Məlahət Nəsibova Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşı kimi orduda döyüşən əsgərlərə yemək apararkən geri qayıtmaqdan imtina edib, döyüşlərə könüllü əsgər kimi qatılaraq böyük şücaətlər göstərib. 1992-ci il avqustun 2-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Vəfa Dəmirçi qızı Mansurova döyüşlərə yazılmaq üçün adını Mansurov Vəfadar Dəmirçi oğlu kimi dəyişərək mahir atıcı - snayper qadın kimi Azərbaycan Ordusunda böyük xidmətlər göstərib.

Arəstə Baxışova 2020-ci sentyabrın 27-dən tibb bacısı kimi könüllü cəbhəyə yollanıb, Füzuli, Cəbrayıl, Zəngilanda gedən döyüşlər zamanı yaralı əsgərlərə tibbi yardım göstərib, oktyabrın 23-də Qubadlıda şəhid olub, Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Избранный
116
8
herbiand.az

9Источники