RU

ADPU-da Qayıdış Konsepsiyası ilə bağlı görüş keçirilib

Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan İcmasının təşkilatçılığı, Pedaqoji Universitetin dəstəyi ilə “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya –Qayıdış konsepsiyası tələbə-gənclərin tədris prosesində” mövzusunda görüş keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, universitetin Heydər Əliyev Mərkəzinin lektoriyasında baş tutan görüşdə Qərbi Azərbaycan İcmasının və ADPU-nun rəhbərliyi, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, təhsil ictimaiyyəti və media nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirin əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində təhsil müəssisələrində tələbə-gənclərlə işin səmərəli qurulması, tələbələrin Qərbi Azərbaycana qayıdış hüququ və Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə məlumatlandırılması, tədris materiallarında Qərbi Azərbaycan həqiqətlərinin əks etdirilməsi, icmanın Gənclər Şurası və universitetlər arasında fəaliyyətlərin koordinasiyası, gənclərin icmanın fəaliyyətinə cəlb olunması işinə töhfə verməkdir.

Görüş Qərbi Azərbaycan TV-nin hazırladığı “Qərbi Azərbaycan” mövzusunda filmin nümayiş etdirilməsi ilə başlayıb. Filmdə Qərbi Azərbaycan tarixi, oradan zorla çıxarılmış azərbaycanlıların taleyi və onların doğma yurdlarına qayıdış hüququ barədə vacib faktlar əks olunub.

Görüşün rəsmi hissəsində çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli icmanın həyata keçirdiyi layihə və tədbirlər, Azərbaycan dövlətinin bu ümummilli məsələyə verdiyi dəstək və Qayıdış konsepsiyasının mahiyyətindən danışıb. Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış təkcə tarixi ədalətin bərpası deyil, həm də xalqımızın milli kimliyinin qorunması baxımından strateji əhəmiyyət daşıyır. İndiki Ermənistan ərazisindən çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyanın Azərbaycan üçün vacib prioritetlərdən olduğunu qeyd edən icma sədri gənclərin bu haqda barədə maarifləndirilməsi istiqamətlərindən söz açıb.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Qərbi Azərbaycan həqiqətlərinin tədris prosesində əks olunmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, müasir tədris materiallarında bu mövzuya geniş yer ayrılmalı, tələbələrə tarixi faktlar sistemli şəkildə çatdırılmalıdır. Eyni zamanda, məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin daha intensiv keçirilməsinin vacibliyi vurğulanıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, Qərbi Azərbaycan Azərbaycan tarixinin və milli-mənəvi irsinin ayrılmaz parçasıdır. Əsrlər boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycanın məcburi şəkildə Azərbaycandan qoparılması, həmyerlilərimizin doğma yurd-yuvalarından zor gücünə çıxarılması danılmaz tarixi həqiqətlərdir. Qərbi Azərbaycana qayıdış ideyalarının xüsusilə tələbə-gənclər arasında təbliği istiqamətdə maarifləndirilməsi olduqca böyük əhəmiyyət kəsb edən məsələ olduğunu vuğulayan rektor, milli şüurlarını inkişaf etdirməsi baxımından mövzuların tədris proqramlarına inteqrasiya etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, tədris prosesində Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, coğrafiyası ilə bağlı materialların daha geniş şəkildə öyrədilməsi, elmi konfransların təşkili və tələbələrin bu məsələlərə daha çox cəlb olunması istiqamətində əməli addımlardır və bu baxımdan ali təhsil ocaqlarının üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan həqiqətlərinin təbliği və bu mövzuda maarifləndirmə tədbirlərini daim ön planda saxladığını qeyd edən C. Cəfərov 2024-cü ilin martından etibarən ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətə başladığını, universitetin professor-müəllim heyətinin icmanın fəaliyyətində fəal rol oynadığını bildirib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova çıxışında Qərbi Azərbaycan həqiqətlərinin geniş təbliği və tanıdılması, ictimaiyyətin bu mövzuda məlumatlılığının artırılması barədə söz açıb, icmanın və Pedaqoji Universitetin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışıb.

Milli Məclisin Gənclər və İdman Komitəsinin və Qərbi Azərbaycan İcmanın Gənclər Şurasının sədri Şahin İsmayılov çıxışında tələbə-gənclərin bu məsələdə daha fəal iştirakının vacibliyini qeyd edib. O bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında geniş yayılması və onların bu prosesdə fəal iştirak etməsi gələcək nəsillər üçün mühüm rol oynayır.

İcmanın gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquliyev tələbələr arasında ünsiyyət və ideya müsabiqəsinin təqdimatını edib. O, müsabiqənin məqsədinin tələbələrin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı yaradıcı ideyalar irəli sürməsi və bu mövzuda maarifləndirici layihələr təklif etməsi olduğunu qeyd edib. Daha sonra görüş digər qonaqların çıxışları ilə davam edib.  

Tədbirin sonunda Qayıdış konsepsiyasından irəli gələn məsələlərin ali təhsil proqramlarında əksi, gənclər arasında təbliği istiqamətləri ilə bağlı geniş müzakirə aparılıb, təklif və ideyalar müzakirə edilib.

 

 

 

 

 

Избранный
37
tehsil.biz

1Источники