"Trading Economics” (TE) beynəlxalq iqtisadi statistika portalı Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsi ilə bağlı proqnozuna bəzi dəyişikliklər edib.
Finss.az portalın yenilənmiş proqnozuna əsasən xəbər verir ki, AMB 2025-ci ilin I rübündə uçot dərəcəsini sabit saxlayacaq, II rübdə isə 6,75%-ə qədər endirəcək.
Bununla yanaşı, "Trading Economics" qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, III rüb üzrə proqnozunu 6,5%-dən 6,25%-ə endirib, IV rüb üzrə isə əvvəlki 5%-lik proqnozunu 5,5%-ə yüksəldib. Bu dəyişikliklər əvvəlki proqnozla müqayisədə müvafiq olaraq 0,25% azalma və 0,5% artım deməkdir.
Bundan əvvəl "Fitch Solutions” şirkəti AMB-nin uçot dərəcəsini 6,75%-ə endirəcəyini proqnozlaşdırmışdı. Əksinə, Niderlandın maliyyə korporasiyası "ING Group" isə hesab edir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%-dən 7,50%-ə yüksəldəcək.
Xatırladaq ki, AMB ötən ilin may ayından etibarən uçot dərəcəsini 7,25% səviyyəsində sabit saxlayır. Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il martın 12-də açıqlayacaq.