“Penitensiar müəssisələrdə sıxlıq problemi davam edir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, ölkəmizdə hər 100 min nəfərə 220-230-a yaxın məhbus düşür. Onlardan 600-a qədəri qadındır. Göstərici kriminogen durumun sabitliyindən xəbər verir və Avropa sıralanmasında yüksək yerlərdən biridir.
Z.Oruc həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi ilə bağlı narahatlığını da ifadə edib:
“Penitensiar müəssisələrdə 2022-ci ildə vəfat edən 151 məhbusdan 146-sı, 2023-cü ildə isə 169 məhbusdan 163-ü xəstəliklər səbəbi ilə həyatını itirib. Göründüyü kimi, ağır xəstə məhkumların cəzadan azad olunmalarına dair məhdudiyyətlərin aradan qaldırılması, təqdimatların göndərilməsindəki problemlərin həlli zəruridir”.
Mina Mikayılova