RU

Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Zirvə toplantısı bu ilin payızında Çinin Tiencin şəhərində keçiriləcək

Pekin, 7 mart, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Zirvə toplantısı bu ilin payızında Çinin Tiencin şəhərində keçiriləcək.

AZƏRTAC xəbər ki, bunu Çinin xarici işlər naziri Van İ martın 7-də Pekində keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, liderlər Tiencin toplantısında uğurlu təcrübəni müzakirə edəcək, gələcək inkişaf kursunu müəyyənləşdirəcək və əməkdaşlıq haqqında konsensusa gələcəklər.

ŞƏT-də bu ilin "Çin ili" olduğunu deyən Van İ əlavə edib: "Biz Şanxay ruhunu inkişaf etdirmək və təşkilatın inkişafını təşviq etmək üçün real tədbirlər görəcəyik".

XİN rəhbəri bildirib ki, təşkilata sədrlik edən Çin il ərzində təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində 100-dən çox tədbirin təşkili üzərində işləyir.

Qeyd edək ki, ötən ilin iyulunda Astanada keçirilmiş Zirvə toplantısından sonra təşkilata sədrlik rotasiya qaydasında bir il müddətinə Çinə keçib.

Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarus), 2 müşahidəçisi (Əfqanıstan və Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Təşkilatın 2022-ci ildə Səmərqənd, 2024-cü ildə Astana sammitlərində Prezident İlham Əliyevin iştirakı isə Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasında maraqlı olduğunu göstərir. Astana Sammiti zamanı Azərbaycanın və Çinin dövlət başçılarının görüşü zamanı Sədr Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyini vurğulayıb, gələn il ölkəsinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyini bildirib. O, Azərbaycan Prezidentini ŞƏT-in Çində keçiriləcək Zirvə toplantısına dəvət edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
6
1
azertag.az

2Источники