RU

Qadınlar cəmiyyətin inkişafında özünəməxsus rol oynayırlar

Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçmişdir. Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 124 il bundan qabaq Bakıda yaradılmışdır. Bu məktəbləri açan Azərbaycanın xeyriyyəçi və  maarifpərvər sahibkarları, ziyalılar başa düşürdülər ki, qızların təhsil alması çox vacibdir. Təhsilli qadın təhsilli  millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz  aktuallığını saxlamışdır.  Zaman keçdikcə bu istiqamətlərdə iş aparılmış və müsbət nəticələr əldə olunmuşdur.

Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə, tariximizin həlledici dövründə xalqın təkidli tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsi alovundan, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi qadın hərəkatının inkişafına da güclü stimul verdi. Ümummilli Lider qadınların idarəetmə və hakimiyyətin bütün sahələrində irəli çəkilməsini vacib bilirdi. O, hər zaman qızların, qadınların yüksək səviyyədə təhsil almasına xüsusi diqqət göstərirdi. Çünki əhalinin yarısını təşkil edən  qadınların bütün sahələrdə fəal iştirak etmələri üçün onların savadlı, peşəkar olması mühüm şərtlərdən biridir. Hələ 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyev demişdi ki, “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”.  Beləliklə, biz nəyi müşahidə edirik?  Dahi insan Heydər Əliyev XIX əsrin sonu və XX əsrin əvvəllərində başlayan  marifçilik hərəkatını daha da gücləndirdi. O dövrdə Azərbaycandan digər ölkələlərə təhsil almağa gedən gənclərin sırasında mütləq qızlarımızın olmasını tələb edirdi. Bu istiqamətdə valideynlərlə maarifləndirmə işləri aparılırdı.

Ulu Öndər müstəqillik dövründə qadın hüquqlarının qorunması üçün bir çox hüquqi-normativ aktlar, qanunlar təsdiqləmiş, mühüm Sərəncam və fərmanlar imzalamışdı. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdı.

Ulu Öndər Heydər Əliyev qadın problemlərinin dövlət səviyyəsində həlli üçün 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında mühüm Fərman imzalamışdır. Eyni zamanda, “Azərbaycanda qadınların rolunun artırılması” və   “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanları ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxartdı. Ulu Öndər Azərbaycanda qadınların tərəqqisinə və səlahiyyətlərinin artırılmasına yol açan bir sıra təşəbbüslərin müəllifi idi. Ümummilli Liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açmışdı. Həyata keçirilən siyasət nəticəsində ölkədə lider qadınlar, sahibkar qadınlar yetişdi. Qadınlar iqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, hər sahədə aktiv təmsil olunur.  Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bu günədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub.  Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.  Eyni zamanda, Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi fəaliyyət göstərir. Hüquqi baza təkmilləşdirilmişdir. “Gender bərabərliyinin təminatları haqqında” “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab İlham Əliyev qeyd edir ki, qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər. Bəli, həqiqətən bu gün Azərbaycan qadını -  ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Azərbaycan qadını  ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, müəllim, həkim, aqronom, diplomat, hakim, alim, dövlət məmurudur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizə öz bəhrəsini verməkdədir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu dünya arenasında böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir.  Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuşdur.

Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və  ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar  bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun  mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər.

Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: “Qadınlar cəmiyyətin bəzəyidir,  gözəlliyidir.  Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”.  

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, siyasi elmlər doktoru, professor

Избранный
45
ikisahil.az

1Источники