“Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
Millət vəkilinin sözlərinə görə, müxtəlif üsullarla maşınlara vurulan yanacağın həcmini azaldılır və yaxud digər vasitələrdən istifadə edirlər:
“Şəxsən özüm bir neçə dəfə “Lukoil” yanacaqdoldurma məntəqəsində qanun pozuntusu, firıldaqçılıqla rastlaşmışam. Ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar, ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır və həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir ki, davam edir və bu gün də eyni pozuntular baş verməkdədir”.
R.Nurullayev digər pozuntunun müxtəlif yanacaqdoldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlı olduğunu nəzərə çatdırıb:
“Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 km fərq edir? Çünki benzin oğurlanır və bu rəqəm gündə on tonlarla ölçülür. Mən aidiyyatı qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram”.