RU

“Fövqəladə Hallar Könüllüləri” Proqramının 3-cü mərhələsinə qeydiyyat başlayıb

Bakı, 7 mart, AZƏRTAC

Fövqəladə hallara hazırlıq üzrə tədbirlərdə gənclərin fəal iştirakını təmin etmək, o cümlədən təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar gənclərin dəstəyindən faydalanmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə Hallar Könüllüləri” Proqramı fəaliyyət göstərir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, proqrama qoşulmaq üçün təhsil səviyyəsindən asılı olmayaraq, 18-30 yaş arası şəxslər müraciət edə bilər.

İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla yekunlaşdıran iştirakçılar nəzəri və təcrübi biliklər qazanmaq üçün FHN-in mütəxəssisləri tərəfindən yanğın təhlükəsizliyi, mülki müdafiə, axtarış-xilasetmə işi, ilk yardım, ilkin psixoloji yardım, su hövzələrində təhlükəsizlik, fövqəladə hallar zamanı davranış qaydaları və digər sahələr üzrə təlimlərə cəlb olunacaqlar.

Təlim proqramını uğurla yekunlaşdıran könüllülərə proqramın sonunda FHN tərəfindən müvafiq sertifikat veriləcək.

Könüllü kimi fəaliyyət göstərmək istəyən şəxslər martın 30-dək https://forms.gle/uReTXNqZHWWaTnLcA səhifəsinə daxil olmaqla müraciət edə bilər.

 

Избранный
42
17
azertag.az

10Источники