Bakı, 7 mart, AZƏRTAC
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil proqramlarının yenilənməsi məsələsi müzakirəyə çıxarılıb. Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq sərəncamına əsasən, ali təhsil proqramlarının yenilənməsi istiqamətində genişmiqyaslı prosesə start verilib. Bu çərçivədə 21 ali təhsil müəssisəsinin təmsilçiləri və əmək bazarının nümayəndələri ilk dəfə olaraq rəsmi qaydada bir araya gəliblər. Təhsil ixtisasları üzrə İşçi Qrup öz fəaliyyətinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADPU-nun rektoru, İşçi Qrupun həmsədri Cəfər Cəfərov jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, təhsil proqramlarının yenilənməsi hər beş ildən bir həyata keçirilən bir praktikadır: “Lakin müasir dövrün sürətli inkişafı fonunda bu müddətin uzun olduğu fikri də səsləndirilir. Buna baxmayaraq, ali təhsil müəssisələrinin il ərzində proqramların müəyyən hissəsini yeniləmək imkanları mövcuddur. Ali təhsil proqramlarının yenilənməsi, yeni proqramların hazırlanması həm bakalavriat, həm də magistratura səviyyəsində ölkəmizin ümumi inkişaf tələblərinə cavab verməklə yanaşı, cəmiyyətimizin gələcək təminatında mühüm rol oynayır”.
C.Cəfərov qeyd edib ki, xüsusilə pedaqoji istiqamətli ixtisasların yenilənməsi vacibdir, çünki müəllim hazırlığı strateji əhəmiyyətə malikdir: “Ölkənin gələcəyi Azərbaycan məktəbində formalaşır. Məktəbin keyfiyyəti isə müəllimlərin peşə hazırlığından asılıdır. Bu səbəbdən də müəllim hazırlığı prosesində tədris standartlarının müasir dövrün tələblərinə uyğunlaşdırılması əsas prioritetlərdən biridir. Hazırda İşçi Qrupunun tərkibi və iş planı müəyyən edilir. Bu prosesə müxtəlif ixtisaslar üzrə mütəxəssislər cəlb olunub. İclasda qərara alınıb ki, bakalavriat səviyyəsində ilkin olaraq dörd tədris proqramı yenilənərək təqdim olunsun, digər proqramlar isə il ərzində hazırlanaraq təsdiq edilsin. Magistratura səviyyəsində isə ixtisaslaşmaların adlarının dəqiqləşdirilməsi və məzmununun formalaşdırılması nəzərdə tutulur”.
Rektorun sözlərinə görə, yenilənmə prosesində bəzi ixtisaslar birləşdirilib, bəziləri isə tamamilə ləğv edilib: “Eyni zamanda, əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaradılması məsələsi gündəmdədir. Məsələn, fizika və riyaziyyat birgə ixtisas kimi təqdim edilir, informasiya texnologiyaları ilə bağlı proqramlar isə daha təkmil formada işlənir”.
O, kolleclərdə ibtidai sinif müəllimliyi ixtisası ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. Bildirib ki, bu ixtisasın ləğvi hazırda nəzərdə tutulmayıb: “İbtidai siniflərdə çalışan müəllimlərin ali təhsilli olması əsas hədəflərdən biridir. Çünki həmin yaş kateqoriyası uşaqların inkişafı baxımından xüsusi önəm daşıyır. Bu baxımdan keyfiyyətli müəllim hazırlığı mühüm əhəmiyyət kəsb edir”.
Cəfər Cəfərov sonda qeyd edib ki, yeni proqramların hazırlanması və təsdiqlənməsi prosesində təhsil sahəsinin aparıcı mütəxəssisləri, universitetlərin nümayəndələri və əmək bazarının tələbləri nəzərə alınacaq. Təhsil ixtisasları üzrə İşçi Qrupun qeyd olunan məsələlərlə bağlı işini may ayının sonuna kimi yekunlaşdırması planlaşdırılır.