RU

Zəlzələ ilə bağlı VACİB AÇIQLAMA – Alimlər araşdırmağa başlayıb

Alimlər Günəşdə baş verən partlayışların və geomaqnit qasırğalarının Yerə təsiri barədə müxtəlif ehtimallar irəli sürür və bu istiqamətdə elmi tədqiqatlar aparırlar. Bəzi araşdırmalar bu hadisələrin planetimizdə geodinamik proseslərə müəyyən dərəcədə təsir edə biləcəyini göstərsə də, bu əlaqənin nə dərəcədə güclü olduğu və zəlzələlərə birbaşa təsir edib-etmədiyi hələ dəqiq sübut olunmayıb.

Əgər Günəş aktivliyinin Yer kürəsindəki təbii fəlakətlərə səbəb olduğu ehtimal edilirsə, bu, elmi fakt kimi qəbul edilə bilərmi? Günəşdə baş verən dəyişikliklərin zəlzələ riskini artırdığı doğrudurmu?

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bu mövzu haqda Yenisabah.az-a danışıb:

“Günəşdə baş verən partlayışlar və geomaqnit qasırğaları təbii olaraq Yer səthinə müəyyən təsir göstərir. Bu istiqamətdə müxtəlif elmi tədqiqatlar aparılır. Bəzi mütəxəssislər Günəşdəki bu cür hadisələrin planetimizdəki təbii fəlakətlərə təsir edə biləcəyini ehtimal edirlər. Məsələn, geodinamik proseslərdə millimetr səviyyəsində dəyişikliklər müşahidə oluna bilər. Əgər hansısa seysmik ocaqda aktivlik yaranırsa, geomaqnit qasırğası bu prosesi daha da sürətləndirə bilər”. 

Q.Babayev vurğulayıb ki, zəlzələ ilə bağlı öncədən dəqiq məlumat əldə etmək mümkün deyil:

“Bununla belə, bu ehtimalları sübuta yetirilmiş fakt kimi deyil, fərziyyə kimi qəbul etmək daha məqsədəuyğundur. Günəş aktivliyi ilə zəlzələlər arasında əlaqə ola biləcəyini demək mümkündür, lakin onların birbaşa səbəb-nəticə əlaqəsinə malik olduğunu iddia etmək elmi baxımdan hələlik əsaslandırılmayıb. Başqa sözlə, Günəşdə aktivlik artdıqdan sonra mütləq şəkildə zəlzələ baş verəcəyini gözləmək doğru olmaz. 

Bu sahədə araşdırmalar davam edir, süni intellektin tətbiqi üzərində iş aparılır. Lakin zəlzələnin konkret başvermə yeri, maqnitudası və dərinliyi barədə əvvəlcədən dəqiq proqnoz vermək hələlik mümkün deyil”.

Aytac Şahin


Telegram kanalımız
Избранный
36
1
yenisabah.az

2Источники