RU

Bu adam nazirlik komandasının qələbəsi üçün daha nə etmədi ki..? - Rəzalətin VİDEOsu

I Liqada 17-ci turun ən maraqlı görüşlərindən biri Binədə baş tutub.

Mükafatçı yerlər uğrunda mübarizə aparan MOİK sözügedən qəsəbədəki stadionda autsayder “Qaradağ Lökbatan”ı qəbul edib.

Gərginliyi ilə yadda qalan qarşılaşmanın ilk dəqiqələrində Araz Abdullayev lökbatanlıları hesabda önə çıxarsa da, fasiləyə az qalmış İbrahim Əliyev status-kvonu bərpa edib.

Birinci yarının son saniyələrində Araz penalti zərbəsi ilə özünün və komandasının ikinci topunu vurub. 71-ci dəqiqədə Nihad Qurbanlı hesaba tarazlıq gətirib – 2:2.

Stadiona toplaşanlar oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrində Əli Əliyevin ifasında hakimlik şousuna tamaşa etmək məcburiyyətində qalıb.

Gənc referi 90-cı dəqiqənin tamamında “Qaradağ Lökbatan”ın qapısına sadə 11 metrlik cərimə zərbəsi təyin edib.

Halbuki təcrübəli referilər bu cür gərginlikdə, xüsusən də son saniyələrdə kiçik toxunuşu qayda pozuntusu kimi qiymətləndirmir. Şübhəli penalti nəticəsində topa yaxınlaşan İbrahim Əliyev hədəfi dəqiq nişan ala bilməyib.

Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə isə qonaqların aşkar penaltisi “yeyilib”. Nurlan Novruzov qapıçını da keçib topu tora qovuşdurmaq istəyən anda Zeynal Əhmədzadə cərimə meydançası daxilində göz görə-görə Nurlanı yerə sərib.

Düzdür, hakim fitini səsləndirib. Lakin Müdafiə Nazirliyinin komandasının qapısına penalti qərarını verməyə cəsarəti çatmayıb.

Epizodu simulyasiya kimi dəyərləndirib, buna görə Novruzovu sarı vərəqə ilə cəzalandırıb. Matç başa çatandan sonra isə “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadəyə hakimin qərarına etiraz etdiyinə görə “qırmızı” göstərib.

Görüntülərlə yazının altındakı videoda tanış ola bilərsiniz. Əli Əliyevin ifasında I Liqada növbəti biabırçılığın faktı tam şəkildə öz təsdiqini tapıb.

Bilərəkdən, yaxud bilməyərəkdən bu cür qərarlara imzasını yazdıranlar ictimaiyyətdə yenilənmiş AFFA rəhbərliyi barədə ciddi şübhələrin yaranmasına səbəbkar olur.

Məqsəd “Qaradağ Lökbatan”ı bütün mümkün vasitələrlə sıxışdırıb sonuncu etmək və “Mingəçevir”i liqada saxlamaqdırsa, başqa məsələ.

Yox, kimlərsə vaxtilə “Neftçi”nin uğurlarında əsas pay sahiblərindən olan Sadıq Sadıqovu indi də ümumiyyətlə, futboldan iyrəndirmək istəyirsə, bunu da açıq desinlər, bilək.

Hakimləri bu cür ucuz oyunlarda alətə çevirmək ölkə futbolunu nüfuzdan salır. Çempionat sona yaxınlaşdıqca media mənsubları və futbol ictimaiyyəti I Liqaya olan diqqəti son dərəcə artırmalıdır.

Əsl “oyunlar” bundan sonra olacaq. Diqqətdə saxlayarıq.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
27
sportinfo.az

1Источники