Türkiyə ilə İran arasında son dövrlərdə artan gərginlik səngimək bilmir. İki regional güc arasındakı münasibətlər, xüsusilə Suriya, Cənubi Qafqaz və İraq məsələlərində fikir ayrılıqları fonunda daha da kəskinləşib. Bir vaxtlar İranın təsir dairəsində olan Suriya, hazırda Türkiyənin nəzarəti altında olan ərazilərin genişlənməsi ilə Tehranın bölgədəki mövqelərini zəiflədib.
Ankara Suriyanın şimalında hərbi əməliyyatlarını davam etdirərkən, İran və onun müttəfiqi Rusiya burada Türkiyənin təsirini məhdudlaşdırmaq üçün addımlar atmağa çalışır. Lakin Türkiyənin hərbi və diplomatik uğurları İranın bölgədəki maraqlarına ciddi zərbə vurub. Bu proses fonunda tərəflər arasında lokal toqquşmaların baş verə biləcəyi ehtimalı da gündəmə gəlib.
Suriya təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə bağlı silahlılar arasında toqquşmalar baş verib. Bildirilib ki, döyüşlər zamanı 70-dən çox insan ölüb, onlarla insan yaralanıb və əsir götürülüb. Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Əsədin silahlı qruplaşmalarına bağlı birləşmələr Latakiyadakı Beyt-Ana yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşları və maşınlarını hədəf alıb. Nəticədə bir əsgər ölüb, yaralananlar var. Bundan başqa, Suriya ordusu Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.
Türkiyə və İran arasında gərginlik hərbi qarşıdurmaya çevrilə bilərmi?
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov News24.az-a açıqlamasında bildirib ki, bu gərginliyin əsas səbəblərindən biri İranın Suriyadakı mövqeyi və regiondakı silahlı qruplaşmalarla əlaqələridir:
"İran uzun illər ərzində Suriya ilə yaxın münasibətlər qurmuş və xüsusilə 2011-ci ildə başlayan vətəndaş müharibəsində Bəşər Əsəd rejimini açıq şəkildə dəstəkləmişdir. Bu müddət ərzində İran bölgədəki bəzi silahlı qruplaşmalarla əlaqələr quraraq Türkiyənin maraqlarına təhdid yaratmışdır. Lakin Suriyadakı siyasi dəyişikliklər fonunda İranın təsiri zəiflədiyi halda, Türkiyənin bölgədəki rolu güclənmişdir. Buna baxmayaraq, İran Suriyada qalan bəzi silahlı qruplaşmalar vasitəsilə bölgədə vəziyyəti gərginləşdirməkdə davam edir. Xüsusilə də İranın dəstəklədiyi silahlı qruplaşmalar Türkiyənin hesab etdiyi qruplarla sıx əlaqədə olması Ankara üçün ciddi narahatlıq yaradır".
Politoloq qeyd edib ki, Türkiyə üçün əsas prioritetlərdən biri Suriyada stabilliyin bərpası və silahlı qüvvələrinin ya tərksilah olunması, ya da bölgəni tərk etməsidir. Oqtay Qasımovun fikrincə, İran bu məsələdə ABŞ və İsrailin mövqeyi ilə üst-üstə düşür:
"Bu silahlı qruplaşmalar Türkiyə üçün birbaşa təhlükə təşkil etdiyini nəzərə alsaq, bu mövqe Ankara üçün qəbuledilməzdir. Türkiyə proseslərin qarşılıqlı maraqlar çərçivəsində davam etdirilməsinin tərəfdarıdır. Lakin əgər İran bu çağırışlara adekvat cavab verməzsə, regionda gərginlik daha da artacaq. Türkiyə və İran arasında Suriyaya dair fikir ayrılıqları davam etdiyi təqdirdə, bu, təkcə iki ölkənin münasibətlərinə deyil, həm də regional sabitliyə təsir edə bilər. Suriya Türkiyə ilə 900 km-dən artıq sərhədə malikdir və bu bölgədə baş verən qeyri-sabitlik birbaşa Türkiyəyə təsir göstərir. İranın bu reallığı nəzərə almaması gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər".