RU

SOCAR-ın "Yaşıl istiqraz"larının tədavülə buraxılması ilə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Yaşıl istiqraz"larının tədavülə buraxılması ilə bağlı tədbir keçirilib.

Far.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycan daim qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir. "Yaşıl istiqraz"larla bağlı layihə də iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır. Layihə ölkəmizdə innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılmasına xidmət edəcək. İstiqrazlara marağın yüksək olması SOCAR-ın beynəlxalq investorlar qarşısında etibarlı tərəfdaş mövqeyinin bariz təzahürüdür. Layihənin hazırlanmasında və uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik", - deyə o qeyd edib.

Xatırladaq ki, "Yaşıl istiqraz" emissiyasının ümumi məbləği 200 milyon ABŞ dollarıdır. Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. İstiqrazlardan əldə olunacaq vəsait "SOCAR Green" MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.

Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib.

SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.

***

SOCAR-ın yaydığı məlumatda isə deyilir ki, istiqrazların tədavülə buraxılması ilə bağlı tədbir "SOCAR Tower"də baş tutub. Tədbirdə M.Cabbarovla yanaşı, ölkə Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, eləcə də "Bakı Fond Birjası" QSC, Milli Depozit Mərkəzi, bank, sığorta və investisiya şirkətlərinin rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra SOCAR istiqrazlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə edilən çıxışlarda dünya miqyasında bərpa olunan enerjiyə artan tələbat və ekoloji məsələlərə həssas yanaşmanın daha da yüksəlməsi fonunda Azərbaycanın strateji hədəflərindən, bu istiqamətdə ölkəmizin atdığı addımlardan bəhs olunub.

SOCAR-ın strateji hədəfləri çərçivəsində bərpa olunan enerji sahəsində reallaşdırılan və nəzərdə tutulan layihələr barədə məlumat verilib, bu xüsusda, "yaşıl istiqrazlar"ın SOCAR-ın dayanıqlı inkişaf hədəflərinə uyğun şəkildə daxili kapital bazarlarına qazandırdığı yenilik və səmərəlilik xüsusilə vurğulanıb.

Bununla yanaşı, 2016-cı ildən buraxılmağa başlanan SOCAR İstiqrazlarının yerli kapital bazarlarında formalaşdırdığı müsbət dinamika, investorların uzunmüddətli inam və marağının qazanılması, eləcə də bu istiqrazların son illər ərzində yaratdığı iqtisadi dəyər xüsusi qeyd edilib. SOCAR-ın "yaşıl istiqraz"larının bazara çıxarılmasının ekoloji cəhətdən daha dayanıqlı investisiya alətlərinin genişlənməsi baxımından strateji əhəmiyyət kəsb etdiyi və yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirildiyi diqqətə çatdırılıb.

Tədbirdə rəmzi "açılış zəngi"nin çalınması ilə SOCAR-ın "yaşıl istiqraz"larının BFB-də təkrar bazar əməliyyatlarına start verilib.

Daha sonra rəmzi istiqraz vərəqəsi imzalanıb və xatirə şəkili çəkdirilib.

SOCAR-ın "yaşıl istiqraz"ları kapital bazarlarında şirkətin strateji mövqeyini daha da möhkəmləndirməklə bərabər, SOCAR-ın ekoloji dəyərlərə sadiqliyini və dayanıqlı inkişaf prioritetlərini də özündə əks etdirir.

Избранный
69
9
far.az

10Источники