BMT-nin humanitar yardımlar üzrə rəsmisi Tom Fletçer 300 milyondan çox insanın təcili yardıma ehtiyacı olduğunu bildirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, o, belə bir vəziyyətdə maliyyələşdirmənin azaldığını və builki səviyyələrin rekord həddə düşəcəyinin proqnozlaşdırıldığını deyib.
“Maliyyələşdirmənin amansız şəkildə kəsilməsi humanitar ehtiyacların aradan qalxması demək deyil. Bugünkü fövqəladə fondun (CERF) ayrılması resursları sürətlə ən çox ehtiyac duyulan yerə çatdırır”, - Fletçer vurğulayıb.
BMT-nin saytında qeyd edilir ki, CERF-in ayırdığı 110 milyon dolların üçdəbiri Sudanı və çoxlu köçkün sudanlının yaşadığı qonşu Çadı dəstəkləyəcək. Vəsait, həmçinin Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Honduras, Mavritaniya, Niger, Somali, Venesuela və Zambiyada humanitar fəlakət bölgələrinə yönəldiləcək.
Ayrılan vəsaitin bir hissəsi həssas insanları iqlim şoklarından qorumaq üçün həyat qurtaran təşəbbüslərə xərclənəcək.