Parisin “Gare du Nord” qatar stansiyası relslərdə İkinci Dünya Müharibəsi zamanı bomba aşkar edildikdən sonra bağlanıb. Bomba, bu gün, martın 7-də Paris qatar stansiyasından 2,5 km aralıda, Sen-Deni kommunası ərazisində tapılıb.
Fransanın milli dəmir yolu şirkəti SNCF, Parisi Şarl de Qoll hava limanı ilə birləşdirən B xətti də daxil olmaqla, RER şəhərətrafı qatarların hərəkət etmədiyini söyləyib. TGV yüksək sürətli qatar xidməti və Hollandiya ilə Böyük Britaniyanı Paris vasitəsilə birləşdirən “Eurostar” qatarları dayandırılıb.
Nəqliyyat naziri Filip Tabaro Sud radiosunda vəziyyəti şərh edərkən axşam saatlarına kimi nəqliyyatın hərəkətinin qismən bərpa olunacağına ümid etdiyini bildirib. Lakin heç bir təminat verməyib və sərnişinləri stansiyaya gəlməməyə və mümkünsə, səfərlərinin vaxtını dəyişdirməyə çağırıb.
//Samir Qurbanov, Editor.az