RU

Məktəb direktorlarının diqqətinə: 1500 manat cərimələnə bilərsiniz

Bir neçə gündür məktəb direktorlarının davranışı müzakirə obyektinə çevrilib. Xüsusilə son baş verən hadisələr fonunda onlardan narazılıq artır. Məsələn, ötən gün paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın müəllimlərə “dərs dilənçiləri”, “hinduşkabaş” dediyi ortaya çıxıb. Bundan əvvəl isə 231 nömrəli tam orta məktəb direktoru Lamiyə İlhamsoy müəllimləri aldıqları hədiyyəyə görə təhqir edib.

Müəllimlər həmin direktorları məhkəməyə verib təzminat ala bilərmi?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, təhqir qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur:

“Xüsusilə bunu vəzifəli şəxs edirsə, məsuliyyətlə bərabər, həm də etik davranış qaydaları pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Eyni zamanda Mülki Məcəllənin 1.2-ci maddəsində fiziki şəxslərin şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə həyatı, şəxsi toxunulmazlığının müdafiəsi hüququ əsas məqsəd kimi göstərilib. Təəssüf ki, qanunvericiliyin vətəndaşlara verdiyi bu imkandan çox zaman istifadə olunmur. Kiminsə şərəf və ləyaqəti alçaldılırsa, təhqir olunursa, o, məhkəmə qaydasında bu əməli törədən şəxsin cəzalandırılmasına nail olmalıdır”.

elovset

Əlövsət Allahverdiyev

Hüquqşünas Cinayət Məcəlləsinin 148-ci maddəsinə də istinad edib:

“Buna əsasən, kütləvi xarakter daşıyan çıxışlarda, əsərdə, mediada və ya internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 1000 manatdan 1500 manatadək miqdarda cərimə yaxud 240 saatdan, 480 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, “böhtan” və “təhqir” cinayətləri üzrə cinayət təqibi xüsusi ittiham qaydasında aparılır. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. Məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir”.

Избранный
13
1
konkret.az

2Источники