RU

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Adalet.az-ın məlumatına görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda isə bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

DövlətStatistikaKomitəsininməlumatınagörə, 2025-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 102,3 min körpədən 47 faizi qız uşaqları olub.

Bildirilib ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 faizə və ali təhsil müəssisələrində 60 faizə qədəri, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 45 faizdən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60 faizdən, ali təhsil müəssisələri tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.

Elmi işçilərin 60 faizdən çoxunu qadınlar təşkil edir ki, onların da 30 faizə qədərinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi vardır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,7 faiz, fərdi sahibkarlar arasında isə 23,3 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 20,8 faizə çatıb.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2024-cü ildə 15,9 faizədək artıb.

Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Qeyd edək ki, 8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günüdür.

"Ədalət" qəzeti və Adalet.az xəbər portalı bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, can sağlığı, ailə səadəti arzulayır.

Избранный
35
8
adalet.az

9Источники