RU

Ermənistanın dağ-mədən sənayesi:Ekoloji cinayətlər, korrupsiya və beynəlxalq hüquq pozuntuları

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri ekoloji və sosial-iqtisadi problemlərin həlli üçün geniş və hərtərəfli bir çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər bu çərçivə əsasında təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi məsələləri sağlamlıq və ətraf mühitin ayrılmaz bir hissəsi olaraq qəbul edirlər. BMT, ətraf mühitin qorunmasını insan hüquqları arasında da tanıyır, çünki təmiz və sağlam bir mühitin olmaması insanların həyatını və rifahını ciddi şəkildə təhdid edir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə Ermənistanın mədən sənayesinin fəaliyyəti arasında ciddi bir qarşıdurma mövcuddur. Bu sektorda baş verən ekoloji cinayətlər, yalnız Azərbaycanın və digər region ölkələrinin ekoloji təhlükəsizliyini təhdid etməklə qalmır, həm də BMT-nin müəyyən etdiyi ekoloji standartlara, xüsusən də təmiz su, hava və sağlam mühit təminatına dair əsas prinsiplərə ziddir.

Ermənistanın uzun illər boyu beynəlxalq ekoloji norma və standartları pozaraq dağ-mədən sənayesində qanunsuz fəaliyyət göstərməsi ciddi ekoloji problemlərə yol açıb. Bu mədən əməliyyatları təkcə Ermənistanın ətraf mühitinə deyil, həm də qonşu ölkələrin ekosistemlərinə böyük təhlükə yaradır. Ekoloji zərərin transsərhəd xarakteri yalnız Ermənistandakı ətraf mühitin deyil, həm də regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını təhdid edir. Mədənlərin fəaliyyətindən yaranan çirklənmə, xüsusilə su hövzələrini zəhərləyərək insanların içməli su mənbələrini və əkin sahələrini təhlükəyə atır. Bu, bir tərəfdən yerli əhalinin sağlamlığını riskə atarkən digər tərəfdən qlobal ekologiya və bioçeşidliliyi də təhdid edir.

Qeyd edək ki, Qafan dağ-mədən kombinatı, 2019-cu ildən Böyük Britaniyanın “Chaarat Gold International Limited” şirkətinin tərkibində fəaliyyət göstərir və burada ildə 1,3 milyon ton filiz emal edilir. Tullantıların düzgün idarə olunmaması və ekoloji standartlara riayət olunmaması nəticəsində bu fəaliyyət regionda ciddi ekoloji fəsadlara yol açır.

Daha bir ekoloji problem  Aqarak Mis-Molibden Kombinatıdır. Burada il ərzində 4 milyon ton filiz emal edilir. və Bu, Araz çayını ağır metallarla çirkləndirərək regionun ekosistemini təhdid edir.

Ermənistanın Zod yatağında həyata keçirdiyi qeyri-qanuni mədən fəaliyyəti də ekoloji zərərlərə yol açır. Burada 2009-2011-ci illərdə hasil edilən filizlər Zod (Sotk) çayını ağır metallarla, o cümlədən mis, dəmir və molibdenlə çirkləndirir. Bu çirklənmə həm Ermənistanın, həm də Azərbaycanla sərhəddə yerləşən bölgələrin ekosistemlərinə ciddi ziyan vurur. 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi bu çirklənməni Ermənistan tərəfindən ekoloji tarazlığın pozulması kimi qiymətləndirib.

Ermənistanın digər mədən sahələri də ekoloji təhlükələr yaradır. Göyçə ərazisindəki Daşdəm qızıl mədəni Bərgüşad çayını arsen və civə kimi ağır metallar ilə çirkləndirir. Bu tullantılar Araza axıdılaraq geniş ərazidə ekosistemi təhdid edir. Lori vilayətindəki Axtala mədənində isə mis və qurğuşun istehsalı zamanı yaranan tullantı suları Kür çayına tökülərək yerli əhalinin sağlamlığını təhdid edir. Qafandakı Manqan zavodu, atmosferə və suya atılan çirkləndiricilərlə tənəffüs problemləri və digər ciddi sağlamlıq problemlərinə səbəb olur. Zavod, həmçinin yaxınlıqdakı Bərgüşad çayını zəhərləyərək region üçün vacib olan içməli su mənbəyini çirkləndirir.                    

Bu problemlərin həlli üçün beynəlxalq təşkilatlar tərəfindən ciddi müdaxilələr və regionun ekosistemini qorumaq üçün tədbirlər görülməsi zəruridir. Mədən sənayesi fəaliyyətinin dayandırılması, həm ətraf mühitin qorunması, həm də regionda yaşayan insanların hüquqlarının bərpa olunması üçün mühüm addım olacaq.

“Environmental Protection First” (EPF) Koalisiyası tərəfindən Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə interaktiv rəqəmsal xəritənin bu günlərdə ictimaiyyətə təqdim edilməsi də bu narahatçılığın ifadəsidir. İnfobank mahiyyətli rəqəmsal xəritə Azərbaycan, ingilis və erməni dillərində hazırlanıb. Ermənistanın dağ-mədən sənayesində şəffaflığın olmaması təkcə daxili korrupsiya məsələləri ilə bağlı deyil, həm də ekoloji fəlakətlərin üzə çıxmasının qarşısını almaq məqsədi daşıyır. Mədən sənayesində əldə edilən gəlirlərin korrupsiya mexanizmlərinə yönləndirildiyinə dair iddialar ölkədə illərdir gündəmdədir və bu, beynəlxalq hesabatlarda da öz əksini tapır. Hökumət bir tərəfdən, mədən sənayesinin real iqtisadi göstəricilərini gizlətməklə qeyri-qanuni gəlirləri ört-basdır etməyə çalışır, digər tərəfdən isə bu müəssisələrin ətraf mühitə vurduğu ziyanı ictimaiyyətdən gizlədərək, beynəlxalq təşkilatların təzyiqindən yayınmaq istəyir. Ekoloji hesabatların təqdim olunmaması və ya manipulyasiya edilməsi xüsusilə transsərhəd çayların çirkləndirilməsi kimi məsələlərdə Ermənistana beynəlxalq hüquqi məsuliyyətin yüklənməsinin qarşısını almağa xidmət edir. Bu cür qeyri-şəffaf siyasət nəticəsində nə Ermənistan ictimaiyyəti nə də qonşu ölkələrə dəyən zərər barədə beynəlxalq təşkilatlar real məlumat əldə edə bilirlər. Təqdim olunan interaktiv rəqəmsal xəritə Ermənistanın ekoloji cinayətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox önəmlidir. Bu unikal resurs peşəkar komandanın bir ildən çox vaxt ərzində çəkdiyi gərgin əməyin məhsuludur.

“Environmental Protection First”  Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov qeyd edib ki, Ermənistanın və bu ölkədə işləyən xarici şirkətlərin dünyada qəbul olunmuş ekoloji norma və standartlar gözlənilmədən apardıqları ekosid fəaliyyəti dərhal dayandırılmalıdır, Ermənistanın bütün bölgəni zəhərləməsinin qarşısı alınmalıdır. Ermənistan əhalisi və region ölkələrinin ictimaiyyəti onlardan gizlədilənlər barədə mütləq xəbər tutmalıdır. A.Məmmədovun sözlərinə görə, Azərbaycan Qeyri Hökümət Təşkilatlarının Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı açdığı cəbhə dünyanın ən müxtəlif ölkələrindəki ekoloji təşkilatlar tərəfindən alqışlanıb.

Nigar Orucova, “İki sahil”

Избранный
27
ikisahil.az

1Источники