RU

Zərifliyin tükənməz gücü...

Bu incə qüdrət dünyanı gözəlləşdirir

8 Mart təkcə gül-çiçəklə, təbriklərlə qeyd olunan bir bayram deyil. Bu gün həm də qadınların gördüyü işlərə, yaşadıqları çətinliklərə, verdikləri töhfələrə dəyər vermək günüdür. Çünki qadın yalnız bir günün yox, bütün ömrümüzün dəyəridir.

Əslində, qadınlara diqqət və sevgi göstərmək üçün xüsusi bir günə ehtiyac yoxdur. Çünki onlar hər gün bizi sevir, bizim üçün çalışır, bizim uğurlarımızla qürur duyurlar. Heç adını bilmədiyimiz, amma səssiz fədakarlığı ilə dünyanı gözəlləşdirən qadınlar azdırmı?

Hər səhər ailəsi üçün yorulmadan çalışan analar, işini sevgi ilə görən müəllimlər, insanlara şəfa verən həkimlər, cəmiyyətin haqq səsini dünyaya çatdıran jurnalistlər, Vətən üçün övlad böyüdən əsgər anaları…Onlar hər biri səssiz qəhrəmandır.

Bəzən düşünürük ki, güc yalnız fiziki qüvvədədir, amma əsl güc qadınların sevgisində, mərhəmətində və dözümlüyündə gizlənir. Onlar həm zərif, həm də güclüdürlər. Bir əlilə beşiyi, digər əlilə dünyanı silkələyən qadınlar, bütün çətinliklərə baxmayaraq, heç vaxt ruhdan düşmürlər.

Əziz qadınlar, bəzən sizə “çox sağ ol” deməyi unuduruq, fədakarlığınızı adi bir hal kimi qəbul edirik. Amma bilin ki, biz sizin varlığınızı, sevginizi, əziyyətinizi dərin minnətdarlıqla hiss edirik.

Bu gün və hər gün sizə sevgi, hörmət, xoşbəxtlik arzulayırıq. Üzünüzdən təbəssüm, qəlbinizdən sevgi əskik olmasın. Bayramınız mübarək, əziz qadınlar!

Leyla İLKİNQIZI,
tələbə-jurnalist

Избранный
6
xalqqazeti.az

1Источники