RU

“Bəstəkar analar, şair analar!”

Unudulmaz şairimiz Hüseyn Arif nə qədər gözəl deyib. Məşhur bir kəlam da var: “Qadın gülərsə, bəşəriyyət də gülər!” İngilislər deyirlər ki, kişilərin bütün uğurlarının arxasında qadınlar dayanır.

Bəli, Ana adında dünyaları duymuşuq, görmüşük, yaşamışıq! Ruhumuzun cövhəri analar! Sizin cənnət qoxunuz canımızın məlhəmi olub, amma kimlərsə bu möcüzədən xəbərsiz olub. Biz sizi həyatda təmənnasız varlıqlar kimi tanımışıq. Bizim analar mərhəmətin, sevginin, qətiyyətin, dözümün canlı heykəlləridir.

Həyatı anlayandan adının yanında Vətən, Torpaq məfhumlarını qoşa gördük, laylalarında, nağıllarında bir dünya kəşf etdik. Azərbaycan anası, anaların anasıdır! Sən nənni başında dediyin laylalarınla, qucağında əzizlədiyin, öyüd-nəsihət verdiyin övladlarınla böyüksən, özəlsən, cahanın bəzəyisən. Sən təbiətin füsunkar varlığısan, qəmin, kədərin də, şaqraq gülüşlərin belə gözəl bir əsərdir. Ana qədər güclü olan varmı görəsən?

Mərhəmətin dünyaya sığmaz, çünki sən Tomris Ananın ruhundan güc almısan. Qoşa-qoşa oğulların düşmənə sipər olub. Şəhidlər Anası oldun, dövlətçilik tariximizin şanlı səhifələrinə əbədi imza qoydun. Bu imzanın, möhürün bir adı var: Ana haqqı, Tanrı haqqı!

Ruhumuzun nuru analar! Sizə gül bağışlamaq istədik, çünki siz güllər kimi gözəl ətirlisiniz. Cənnətin qoxusu sizdədir. Siz bütün fəsillərin qönçə gülüsünüz, hər pöhrəniz əbədiyaşarlığın nişanəsidir. Siz kainatın varlığının möcüzələrisiniz, Analar!

Kəmalə ABDİNOVA
XQ

Избранный
13
xalqqazeti.az

1Источники