RU

Avropa silaha üz tutdu

Ukraynaya yardım məsələsində isə fikirlər haçalandı

Martın 6-da Avropa İttifaqının (Aİ) fövqəladə sammiti başa çatdı. Amma onun nəticələri dünyada birmənalı qarşılanmadı. Saatlarla davam edən müzakirələrdən sonra dövlət və hökumət başçıları Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin bu həftə təklif etdiyi Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dair iddialı planın geniş konturlarını razılaşdıra bildilər. Bununla belə, Ukraynaya hərbi yardımı davam etdirmək məsələsində Macarıstanın baş naziri Viktor Orban razılığını bildirmədi. Amma, ümumilikdə, ABŞ-ın Transatlantik əməkdaşlığa münasibətlə ziddiyyətli bəyanatlar səsləndirməsi, eləcə də Vaşinqtonun Ukrayna siyasətində birmənalı dəstək nümayiş etdirməməsi “Köhnə dünya”nı yenidən silaha sarılmağa məcbur edir.

Sammitdən öncə hamını daha çox bir məsələ düşündürürdü: Aİ Ukraynaya dəstək üçün vahid cəbhədın çıxış edəcəkmi? Aİ liderləri konsensusa gəlməyə çalışdılar, blokun səfirləri görüşün başlanmasına qədər bir neçə həftə ərzində ümumi bəyanatın mətni üzərində birlikdə çalışdılar, bir çox diplomat səsvermədə yaradıcı yanaşmaya və “konstruktiv bitərəfliyə” ümid etdiyini bildirdi. Ancaq Macarıstan baş naziri Viktor Orban yekun sənədə imza atmaqdan imtina etdi. Macarıstan lideri ittifaqın Ukrayna ilə bağlı mövqeyindən uzaqlaşdı və nəticədə, bəyanatı 27 deyil, 26 hökumət və dövlət başçısı təsdiqlədi.

Bəs, Macarıstan baş nazirinin belə mövqe tutmasına səbəb nə oldu? V.Orbanın sözlərinə görə, digər 26 ölkədən fərqli olaraq, Macarıstan Ukraynada sülhə gedən yolun hərbi dəstəkdən keçdiyinə inanmır. Amma Aİ liderləri onunla razılaşmadıqlarını bildirdilər. Avropa Şurasının sədri Antonio Kosta yekun mətbuat konfransında dedi ki, “Macarıstanın Ukraynadakı müharibəyə fərqli strateji yanaşması var. Lakin Macarıstan tək qaldı. O, təcrid olundu və sıralarımızı bölməyəcək”. Macar baş naziri buna cavab olaraq sammitin sonunda bildirdi ki, əksinə, Avropa İttifaqı təcrid olundu, Macarıstanın isə ABŞ, Çin və Rusiya ilə əla münasibətləri var.

Sammitdə Avropa liderləri bir daha vurğuladılar ki, Ukrayna Rusiyanın tammiqyaslı təcavüzünə qarşı özünümüdafiə hüququndan istifadə edir və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyir. Sammitdə iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski yalnız Avropa İttifaqı Şurasının binasını tərk etdikdən sonra atəşkəs mövzusunda danışdı. Zelenski bir neçə saat sonra sosial mediada yazdı ki, ilk növbədə, səmada səssizlik (raket zərbələrinin, enerji və digər mülki infrastruktura uzun mənzilli pilotsuz təyyarələrin və bombaların dayandırılması), həmçinin dənizdə sükutun, yəni Qara dənizdə bütün hərbi əməliyyatların dayandırılmasının yaradılması və tam nəzarət edilməsi ola bilər.

Lakin Aİ bu zəmanətlərlə bağlı yekun qərar vermədi. Avropa Şurasının prezidenti Koşta bildirdi ki, təhlükəsizliyin ən yaxşı təminatı ukraynalıların özləridir: “Onlar üç ildən artıqdır ki, müqavimət göstərirlər. Bu fikir sammitin yekunlarında da öz əksini tapdı: “Güc vasitəsilə sülh” Ukrayna üçün mümkün olan ən güclü mövqe tələb edir, onun öz güclü hərbi potensialı ən mühüm komponentdir – həm danışıqlar zamanı, həm də müharibədən sonra”.

Sammitdə daha bir mühüm suala da konkret cavab verilmədi: Aİ ABŞ-ın Ukraynaya yardımdan imtina etməsi nəticəsində yaranan boşluğu doldura biləcəkmi? Bundan başqa, Aİ-nin heç bütün ölkələri Vaşinqtonun Kiyevə birdəfəlik yardımdan imtina etməsi fikrilə razılaşmırlar. Məsələn, Polşanın Baş naziri Donald Tusk əmindir ki, Amerikanın rabitə və kəşfiyyat sahəsində dəstəyi davam edəcək: “Vaşinqtonda indiki Amerika administrasiyasının iş rejimi kimi görünən tez-tez fikir dəyişməsi belə deməyə əsas verir ki, bu, (ABŞ yardımının sonu - red.) son qərar deyil”. O, ümid etdiyini bildirdi ki, bu, “faktlar deyil, sadəcə, danışıqlar taktikasıdır”.

Eyni zamanda, Litva Prezidenti Gitanas Nauseda hesab edir ki, Avropa ölkələri ABŞ-ın buraxdığı boşluğu doldura bilər. “Əlbəttə, biz maliyyə resursları toplamalıyıq. Bir iqtisadçı kimi deyə bilərəm ki, bu, o qədər də asan deyil, amma etmək olar və bu məsuliyyət bizim üzərimizdədir”.

Bəs Aİ Ukraynaya necə tez kömək etməyi düşünür? Sammitdə ittifaq təcili hərbi ehtiyacları ödəmək üçün Ukraynaya bir neçə milyard avro dəyərində yeni fond yaratmağı təklif etdi və həmişəki kimi, Macarıstan bu fondun qarşısını aldı. Buna baxmayaraq, Avropa Şurası təşəbbüsü dəf etməkdən imtina etdi və onu yenidən baxılmaq üçün geri göndərdi. İndi Avropa Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ümid edir ki, martın 20 və 21-də Brüsseldə keçiriləcək növbəti sammit onun təklifini bu dəfə konkret məbləğlərlə təsdiqləyəcək: “Mənim təşəbbüsüm iki elementdən ibarətdir: ya siz fonda Ukraynanın ehtiyacı olan silah və sursatla gəlirsiniz, ya da onun üçün lazım olan silah və sursatları başqa ölkələrdən almaq üçün maliyyə vəsaiti ayırırsınız”.

Əgər sammitin nəticələrinə inansaq, o zaman deyə bilərik ki, Aİ ölkələri Ukraynanın təcili hərbi və müdafiə ehtiyaclarını ödəmək üçün səyləri təcili şəkildə gücləndirməyə hazırdırlar. Avropa Şurasının təklif etdiyi yeni silahlanma proqramının təsdiqinə gəlincə, bu məsələdə nə Macarıstan, nə də Slovakiya etdi. Ona görə ki, bu, Avropa İttifaqının yenidən silahlanmasına aiddir. Artıq Avropa Şurası tərəfindən “Rearm Europe” planı prinsipcə təsdiqləndikdən sonra Aİ ölkələri Ukrayna da daxil olmaqla, silahların alınması üçün blokun büdcəsindən ümumi məbləği 150 milyard avro olan kreditlərdən istifadə edə biləcəklər.

Amma bu da bir faktdır ki, sammitin nəticələri heç də hər kəs tərəfindən birmənalı qəbul edilmədi. Hətta bəzi analitiklər sammitin nəticələrini qiymətləndirərkən bildirdilər ki, Avropa gözlənilən birliyini nümayiş etdirə bilmədi. Amma Avropa Şurasının sədri Koşta başqa mövqedədir: “Bugünkü qərarlarımız dəqiq siqnal verir: biz vətəndaşlarımızın təhlükəsizliyi üçün verdiyimiz vədlərə əməl edirik və müdafiəmizi gücləndiririk. Eyni zamanda, biz Avropa sənayesi və texnologiyasının rəqabət qabiliyyətini artırırıq”. Onun sözlərinə görə, Avropanın müdafiəsini gücləndirmək səyləri Ukraynaya da fayda verəcək: “Çünki Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyinin əsasını təşkil edir”.

Avropa ilə əlaqələrini gücləndirməyə çalışan Ukrayna da ABŞ ilə ünsiyyəti kənara atmağı düşünmür. Amerikanın Fox News kanalının müxbiri Ceki Henrix X mikrobloqunda məlumat verdi ki, martın 11-də Səudiyyə Ərəbistanının paytaxtında Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında danışıqlar baş tutacaq. Ukrayna Prezidenti Volodimir Zelenski də bu məlumatı təsdiqləyir. O, ümid etdiyini bildirir ki, gələn həftə məzmunlu görüş baş tutacaq. Prezidentin sözlərinə görə, Rusiya Federasiyasının müharibənin dayandırılmasının zəruriliyini tanımasına sübut enerji və digər mülki infrastruktura hücumların olmaması, həmçinin dənizdə atəşkəs ola bilər. Belə görünür, Kiyev tək “Qoca qitə”yə bel bağlamaq istəmir. Ukraynaya daha qətiyyətli və konkret dəstəyin göstərilməsi lazımdır. Avropa isə Ukraynanın gözlədiyi vahid mövqeni və dəstəyi verə bilmir.

Səbuhi MƏMMƏDOV
XQ

Избранный
7
xalqqazeti.az

1Источники