Rusiyanın beynəlxalq ehtiyatları 1 mart 2025-ci il tarixinə 632,355 mlrd. dollar təşkil edib ki, bu da fevral ayının əvvəlindən bəri 11,591 mlrd. dollar (və ya 1,87%) artım deməkdir.
Valyuta.Az "TASS"a istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
2024-cü il martın 1-nə olan məlumata görə, Rusiyanın beynəlxalq ehtiyatları 582,636 mlrd. dollar olub.
2025-ci ilin fevral ayında valyuta ehtiyatları 0,18% artaraq 414,971 mlrd. dollara çatıb, ehtiyatlardakı qızılın dəyəri isə 5,26% artaraq 217,384 mlrd. dollar olub.
Rusiyanın beynəlxalq ehtiyatları "Bank of Russia" və Rusiya hökumətinin sərəncamında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir. Onlara xarici valyuta, Xüsusi Borcalma Hüquqları (SDR), "Beynəlxalq Valyuta Fondu"ndakı ehtiyat mövqeyi və qızıl daxildir.
Qərb ölkələri Ukraynada xüsusi əməliyyatın başlanmasından sonra Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq ediblər. Bu çərçivədə Rusiya Federasiyasının qızıl və valyuta ehtiyatları dondurulub, eləcə də Rusiya Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı bütün əməliyyatlar, həmçinin Mərkəzi Bankın adından və ya onun tapşırığı ilə hərəkət edən hər hansı hüquqi şəxslə əməliyyatlar qadağan edilib.
Rəhim