RU

Azərbaycanda hansı sahələrdə işləyən qadınların sayı daha çoxdur?

Azərbaycanda bəzi sektorlarda işləyən qadınlar kişilərdən daha çoxdu.

Valyuta.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, təhsil sektorunda çalışan qadınların sayı kişilərdən daha çoxdur. 

Belə ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80 %-dən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 %-ə və ali təhsil müəssisələrində 60 %-ə qədəri qadınlardır.

Ümumi təhsil müəssisələrində təhsilalanların 45 %-dən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60 %-dən, ali təhsil müəssisələri tələbələrinin isə 50 %-dən çoxunu qızlar təşkil edir.

Ölkədəki həkimlərin arasında da qadınların sayı daha çoxdur. Statistikaya əsasən, həkimlərin üçdən ikisi qadınlardır. 

Bundan başqa elmi sahəyə nəzər saldıqda görürük ki, elmi işçilərin 60 %-dən çoxunu qadınlar təşkil edir ki, onların da 30 %-ə qədərinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi vardır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,0 % təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,7 %, fərdi sahibkarlar arasında isə 23,3 %-dir.

Statistikaya əsasən, illər keçdikcə Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 %-ni, 2000-ci ildə 10,7 %-ni qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 20,8 %ə çatmışdır.

Nəqliyyat sektorunda da qadınların aktivliyi nəzərə çarpır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 % olduğu halda, 2024-cü ildə 15,9 %-dək artmışdır.

Xatırladaq ki, 2025-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 %-ni qadınlar təşkil edib. 

Rəhim

Избранный
18
20
valyuta.az

10Источники