
İnsan dili acı dad reseptorları ilə təchiz olunub, bu da bizi potensial zərərli maddələri aşkar edərək uzaq durmağa vadar edir. Lakin yeni araşdırma göstərir ki, bu reseptorlar təkcə dildə deyil, dəridə də mövcuddur və oxşar qoruyucu funksiyanı yerinə yetirir.

E-saglam.az xəbər verir ki, Yaponiyanın Okayama Elm Universitetinin bioloqları müəyyən ediblər ki, dəridə yerləşən keratinosit hüceyrələrində TAS2R adlı acı dad reseptorları var. Bu reseptorlar zərərli maddələrin hüceyrələrə nüfuz etməsinin qarşısını almaq üçün müdafiə mexanizmi kimi işləyir.
TAS2R reseptorları yalnız dildə deyil, həm də bağırsaq, mədə və tənəffüs yollarında aktivdir. 2015-ci ildə aparılan bir araşdırma onların insan dərisində də yüksək aktivlik göstərdiyini ortaya qoymuşdu. Yeni tədqiqat isə bu reseptorların dəridəki konkret funksiyasını araşdırmağa yönəlib.
Eksperiment zamanı laboratoriyada yetişdirilmiş insan keratinosit hüceyrələrinə feniltiokarbamid (PTC) adlı acı birləşmə əlavə olunub. Nəticədə TAS2R reseptorları bu maddəni hiss edərək onu hüceyrədən çıxarmaq üçün ABC daşıyıcı zülallar istehsal edib.
Bu nəqliyyat mexanizmini yoxlamaq üçün hüceyrələrə xüsusi izləyici boya yeridilib. Normal halda ABC daşıyıcıları boyanı hüceyrədən çıxara bilirdi. Lakin bu daşıyıcıları verapamil adlı maddə ilə blokladıqda, boya hüceyrənin daxilində yığılmağa başlayıb. Bu isə sübut edir ki, TAS2R reseptorları hüceyrələri zərərli maddələrdən qorumağa kömək edir.
Acı dad hissinin zəhərli maddələrin aşkar edilməsindəki əhəmiyyəti hələ də müzakirə olunur. Bəzi araşdırmalar acı dadın hər zaman zəhərli maddələrlə əlaqəli olmadığını göstərir, çünki bir çox məşhur qida və içkilər də acı dada malikdir. Lakin bu yeni tədqiqat sübut edir ki, acı dad reseptorları dəridə toksinlərə qarşı qoruyucu rol oynayır.
Tədqiqatçılar aşkar ediblər ki, hüceyrələrə yüksək dozada antihistamin verildikdə TAS2R reseptorları aktivləşir və nəticədə hüceyrələrin sağ qalma nisbəti artır. Bu mexanizmi bloklayan verapamil isə qoruyucu təsiri aradan qaldırıb.
Alimlər hesab edirlər ki, bu kəşf dərini toksinlərdən qorumaq üçün yeni müalicə üsullarının inkişafına kömək edə bilər. Tədqiqatçılar bildirirlər ki, tərkibində zərərsiz acı birləşmələr olan preparatlar dəridən zərərli maddələrin ifrazını sürətləndirə bilən potensial terapevtik vasitələr ola bilər.
Tərcümə: Könül Oruc