RU

Azərbaycanın ən Xoşbəxt və ən Bədbəxt xanımı

Qadına tarixən qiymət verilməsi ilə səciyyələnən 8 mart Qmumdünya Qadınlar günündə məhz Ümbülbanu xanımdan yazmaq qərarımın ilk baxışda çox bayağı səbəbi var. Taleyin çox ədalətsiz və həddən artıq sərt davrandığı bu xanıma qarşı hətta özümün də sırf təsadüf üzündən yol verdiyim “haqsızlıq ” məni heç vaxt inanmadığım mistik düşüncələrə sövq etmişdi... Daha diqqətli oxucularım bəlkə də fikir verdilər ki, FB səhifəmdə 4 fevral tarixində “Rəsulzadə ailəsi: virtual ev-muzeyi üçün yeni şəkillər və məlumatlar” adlı statusuma əlavə etdiyim Rəsulzadə ailəsinin əlimizə yenicə çatmış şəkilləri sırasında Ümbülbanu xanımın körpə qızı Lətifə ilə şəklini iki gündən sonra əlavə etmişdim və bu səbəbdən də həmin şəkil digərlərinə nisbətdə 2 dəfə az “bəyənmə” almışdı. Həmin yazını və şəkilləri səhərə yaxın, çox yorğun və yuxulu vaxtımda FB səhifəmə yerləşdirdiyimdən Ümbülbanu xanımın şəkli sadəcə gözümdən qaçmışdı. Amma bu səhlənkarlığımı aşkar edəndə özümün daxilən çəkdiyim əzabla yanaşı istər-istəməz, hətta bu kiçik, əhəmiyyətsiz hadisəni də Ümbülbanu xanımın üzərində sanki ilahidən bir “bəxtsizlik ” möhürü olduğunun təsdiqi kimi qavradım... Yaxınlarım bilir ki, günahmı yumaq üçün məhz 8 mart Qadınlar gününü necə gözləyirdim. Çünki, qadınlara əllahiddə diqqət yetirildiyi bir gündə Ümbülbanu xanımın da məhz bir Qadın kimi şirinli-acılı taleyinə nəzər salmaqla müasir tariximizin ən şərəfli, ən qarışıq və ən təhlükəli dönəmində Azərbaycan Qadınının məruz qaldığı taleyin rəmzi kimi onun haqqını verməyin vaxtı çatdlğını düşünürdüm.

Hər şey nə qədər uğurlu başlamışdı... Hərçənd uşaqlıqdan birlikdə böyüdüyü əmisi oğluna nişanı taxılanda artıq Məhəmməd Əminin hansı yolun yolçusu olduğunu 20 yaşlı Ümbülbanu artıq yaxşı bilirdi, öz qardaşı Məhəmməd Əli də siyasi həyata, inqilabi mübarizəyə yeniyetmə yaşlarından qoşulmuşdu, hər yerdə, hər zaman Məhəmməd Əminlə birgə idilər. Ailə qurduqları 1908-ci ilə qədər Məhəmməd Əmin Rəsulzadə çar jandarmeriyası tərəfondən 1-2 dəfə tutulsa da “təqsiri” sübuta yetmədiyindən tez buraxılmışdı. Demək əziz adamı üçün səksəkə, qorxu, təlaş elə əvvəldən alnına yazılmışdı. Evliliyin ilk ilində təqiblərdən qurtulmaq üçün qəzetçi kimi İrana gedən həyat yoldaşı ilə ilk ayrılığı da yaşamışdı. Çox az saylı şəkillərinin birindəki foto-studiyanın ünvanından Ümbülbanu xanımın 1911-ci ildə artıq Tehranda işləyən ərinin yanına getdiyi məlum olur. Qucağındakı ilk övladı 10 aylıq Lətifə ilə çəkdirdiyi bu şəklində Ümbülbanu xanım yəqin ki, özünün ən Xoşbəxt dövrünü yaşayır. Hələ çox kiçik ailə bir yerdədir, yəqin ki, Məhəmməd Əmin bəy “İrane-nou” qəzetinin nəşri və İran Demokrat partiyasının təşkilati işlərindən başını ayırıb ona qonaq gəlmiş xanımına – doğma əmiqızısına lazımı diqqət yetirir, gəzdirir, bəlkə də həmin foto-studiyada birlikdə də şəkil çəkdiriblər, sonradan Ümbülbanu xanım onu öz əlilə çırmalı olub... Kim bilir...

Sonra daha 2 illik ayrılıq... Türkiyəyə keçmiş Məhəmməd Əminə Bakıya gəlmək qadağandır, qaytsa dərhal tutulacaq. Nəhayət, 1913-cü ildə Romanovlar ailəsinin 300 illiyi münasibətilə verilən əfv fərmanı bu yolu açır. Ailə bir yerdədir və çox xoşbəxtdir. Rəsul da 1914-cü ildə bu xoşbəxtlikdən doğulan ilk oğuldur, Rəsulzadələr səcərəsinin davamıdır. Amma qorxu, nigarançılıq da heç yerə getməyib. 1915-ci ildir, Məhəmməd Əmin qəzet redaktorudur, əsəbiləşib, çar senzorlarını “təhdid” edib, üzr istəməyib, Bakı prokuroru onun müharibə zonası sayılan Qafqaz diyarından sürgün edilməsinə qərar verib... Spasskaya 133 (keçmiş Zərgərpalan) küçəsindəki evində axtarış aparılır... İki otaq, mətbəx və kiçik dəhlizdən ibarət evdə Məhəmməd Əminin yazı stolundan 54 bağlı, 43 açıq məktub, 4 yazılı dəftər ... ümumilikdə 30 bağlama əlyazması müsadirə olunub. Ümbülbanu xanım yenə təlaş və təşviş içindədir... Yalnız Qafqazın siysi həyatında baş verən yeni bir təyinat Məhəmməd Əmin bəyi 2 aya yaxın yatdığı həbsdən və bəlkə də yalnız onun və ailəsinin deyil, ümumən Azərbaycanın həyatını dəyişdirə biləcəyi sürgündən qurtarır.

1916-cı il. Lətifə dünyaya gəlib, Məhəmməd Əmin bəy uşaqcanlıdır, ailəsinə diqqətlidir. Ümbülbanu xanım böyük bir inqilabçı, siyasətçi, ideoloq, qələm əhli və ictimai xadimın xanımı olduğunu bilir... Belə bir adamın öz arxasından, ailəsindən əmin olmağının da əhəmiyyətini anlayır. Tale nəhayət ki, onun öz əzizinə görə bu illər ərzində içində çəkdiyi iztirab, ayrılıq, hətta ölüm qorxusunun əvəzini verib. Əri, qardaşı, bacısı və onların saysız həmməslək, həm əqidə dostlarının yolunda çarpışdıqları mübarizə özünün ən yüksək həddində Qələbə çalıb – Müstəqil Azərbaycan Azərbaycan dövləti – Azərbaycan Cümhuriyyəti qurulub və Məhəmməd Əmin bəy bu dövlətin başçısı seçilib! Əslində Ümbülbanu Rəsulzadənin də, müasir dillə deyilərsə, yeni statusu yaranıb - Azərbaycanın ilk birinci xanımı!

1918-1920-ci illər bütün keşməkeşləri ilə bərabər, Azərbaycan Cümhuriyyəti üçün xoşbəxt bir dövrdür. Ümbülbanu xanım üçün də bu iki il dövlətin onlara verdiyi Voronsovskaya 15 ünvanlı yeni, geniş, işıqlı mənzildə bütün ailəsi ilə birlikdə yaşadığı ən xoşbəxt dövrdür.

Ailəyə bəla da elə Cümhuriyyətin işğalı ilə bərabər gələcək... Bakını yenidən tərk etməyə məcbur olan Məhəmməd Əmin 4-5 aydan sonra ələ keçəcək, nə vaxtsa ölümdən xilas etdiyi keçmiş inqilab yoldaşı indi onu qaçılmaz ölümdən xilas edəcək. Moskva yolunda ailəsi ilə görüşməyə verilən o az vaxtda nə Ümbülbanu xanım, nə Məhəmməd Əmin bir-birlərini artıq son dəfə gördüklərinə bəlkə də hələ inanmırlar. Amma Məhəmməd Əmin bəy ürəyini qoyub getdiyi Vətəninin adını 2 ay əvvəl doğulmuş körpə oğluna verməklə sanki körpə Azərin qorunmasını yalnız anasının yox, taleyin hökmünə buraxır... Son nəhayətdə o böyük ailədən elə tək Azər salamat qalacaq və atasının qaldırdığı üçrəngli bayrağın nəhayət ki, bir daha doğma Vətəni üzərində dalğalandığını görəcək...

Elə həmin Tale sanki Rəsulzadəyə öz “Azərbaycan savaşını” davam etdirmək üçün buraxdığı illərin heyfini amansızcasına onun ailəsindən alacaq. Əldə olan bütün sənədlər, məktublar, məlumatlar, xatirələr Ümbülbanu xanımın 1920-ci ilin payızında son dəfə vidalaşdığı sevgisindən, doğmasından, əzizindən bir an belə naümid olmadığını, ona etibarını, sədaqətini, inamını əsirgəmədiyini dönə-dönə təsdiq edir. Müdhiş 37-nin müstəntiqləri qarşısında da özünün və 17 il təkbaşına, zülmlə böyütdüyü balalarının xilası xatirinə belə hətta sözdə də ərindən imina etmir, 1929-cu ilə qədər onunla məktublaşdığını, ondan pul və uşaqlara hədiyyələr gəldiyini gizlətmir. Hərçənd məlumdur ki, Məhəmməd Əmin bəy bütün bu yazışma, pul və bağlamaları birbaşa Ümbülbanu xanımın ünvanına deyil, öz bacanağı, Seyid Hüseynin 12-13 yaşlı baçısı qızı Səyyarə Rzayevanın adına göndərirdi. Və sonuncu 18 dollar 1934-cü ildə gəlmişdi.

Ümbülbanu xanımın öz uşaqlarını ataları haqqında deyilən ən ağır ittihamlara inanmaqdan çəkindirdiyi, xüsusilə “vətən xaini” oğlu kimi tənbehlərdən bezən Rəsula "hər deyilənə fikir vermə” tövsiyyələri də o günlərin kiçik qəhrəmanlıqları idi.

Amma Məhəmməd Əmin bəy bu Qadının etibarına və inamına layiq Kişi idi. Onun öz xanımı qarşısında məsuliyyəti, uşaqlarının tərbiyəsindən uzaq qaldığından keçirdiyi əzab, ailəsinə qovuşmaq üçün atdığı səylər barədə danışan sənədlər də durur. Rəsulzadənin Parisdəki yaxın dostu Ceyhun bəy Hacıbəyli ilə 1920-ci illər məktubları bu sıradan “sübutlarla” zəngindir:

"... Mən də ailəmi buraya gətirtmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz ayında isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir. Sizinkilər, əcnəbi də olsa, barı mədəni bir tərbiyə görürlər. Bizimkilər nə tərbiyəsi alırlar məlum...”;

"Ailəni buraya gətirtmək istəyirdim. Bir-iki dəfə də təşəbbüs eləmişlər. Fəqət hələlik buna müvəffəq olmamışlar. Zavallılar orada çox darıxırlar. Mən də burada narahatam”;

“Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbəni gəlmək üçün müraciət eləmiş, müsaidə istəmiş, verməmişdilər. Daha artıq olaraq gözləməni artırmışdılar. Buna görə də qərarları da çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda, onları gətirtmək üçün ən ciddi vasitələrə müraciət edirəm”;

«Qızımdan məktub aldım. Vəziyyətlərini çox fəna bir surətdə təsvir eləyir, pul istəyir. Bütün varımı ki, zatən məhdud bir şey idi, dərhal oraya göndərdim” ;

"Mən də ailənin buraya köçürülməsi üçün çalışıram. Uşaqların tərbiyəsi məni düşündürür"...

Bu son iki məktub – 1928 və 1929-cu illərdə - SSRİ-də xariclə əlaqələrin ən ciddi nəzarətə götürüldüyü zamanda yazılıb və yəqin ki, bu səbəbdən Ümmülbanu xanımla Məhəmməd Əmin bəy ailəni və uşaqları təhlükəyə salmamaq üçün məktublaşmaya müvəqqəti son qoymaq qərarına gəliblər.

Ailənin və uşaqları sonrakı taleyi məlum:

Ümbülbanu xanım qaynanası Maral xanım, qızı Xalidə və oğlu Azərlə 1937-ci ilin noyabrın 2-də dövlət Təhlükəsizlik İdarəsi tərəfindən məhz vətən xaininin ailə üzvləri kimi həbs ediliblər və uzaq Qazaxıstana sürgünə göndəriliblər. Sürgünlük həyatını təsəvvür etməyə ehtiyac varmı...

Onlardan bir neçə gün əvvəl Rəsul həbs olunub, 1938-ci ilin martın 1-də “əks-inqilabi fəaliyyətinə” görə haqqında çıxarılan güllələnmə cəzası martın 5-dən 6-na keçən gecə icra edilib.

Oğlunun həbsini çox ağır keçirən Ümbülbanu xanımın onun güllələnməsindən xəbəri olmasa da, 1940-cı ilin əvvəllərində Qazaxıstanın ağır qış günü qəlbində Rəsulun nigarançılığı ilə dünyasını dəyişib... Maral xanım hələ sürgün yerinə gəlib yetişdikləri ilk ayda aclıq və xəstəlikdən vəfat edib. Nənəsini və anasını uzaq Qazaxıstanın qarlı çöllərində torpağa tapşıran Xalidə həmin dövr üçün möcüzə sayılacaq bir şəkildə, sənədsiz, pulsuz, əyni, ayağı yalın əsəbləri pizulmuş və xəstə halda Bakıya qayıdıb, burada bir müddət gizləndikdən sonra Gəncəyə, uzaq qohumların yanına yola salınıb, lakin gözlənildiyi yerə çatmamış itkin düşüb...

Məhəmməd Əmin bəyin ərdə olan 3 uşaq anası böyük qızı Lətifə həyat yoldaşı Damad Müslümzadənin 1941-ci ildə həbsindən və güllələnməsindən sonra 2 qızı ilə birlikdə Qazaxıstana sürgün olunub, bir ildən sonra bir qızı ilə birlikdə soyuqdan donaraq həyatını dəyişib. Bakıda xəstəxanada yatan kiçik qızının taleyi məlum deyil. Lətifənin 5 nəfərlik ailəsindən tək qalan 12 yaşlı qızı Firuzə uşaq evinə verilib və bir neçə ildən sonra dayısı Azər Rəsulzadə tərəfindən tapılaraq Bakıya gətirilib. Beləliklə Məhəmməd Əmin bəylə Ümbülbanu xanımın o böyük ailəsindən yalnız oğul Azər və nəvə Firuzə salamat qalıblar...

Bu kiçik hekayətimizin qəhrəmanı Ümbülbanu xanıma qayıdaq. Xoşbəxtlik və Bədbəxtlik kəlmələrinin ən müxtəlif təfsir və izahı qarşısında bu Qadına qarşı yalnız Taleyin deyil, hətta bizim özümüzün də, tarixi yaddaşımız, ədəbiyyatımız və sənətimiz baxımından çox ədalətsiz olduğumuzu vurğulamaq istərdim.

Stalin repressiyalarına məruz qalmız Azərbaycan qadınları haqda çox yazılıb, kitablar, bədii əsərlər, sənədli filmlər, tamaşalar yaradılıb. 8-10 ad daha geniş məlumdur və onların arasında həyatını itirmiş, həqiqətən ağır sürgün həyatı yaşamış xanımlar var. Bu sıradan Əhməd Cavadın xanımı, əlbəttə ki, daha çox öz şair ərinin ona həsr etdiyi “Şükriyyə” şerinə və bu yüksək sevgi nəğməsinə bəstələnən həzin musiqiyə səbəb məşhur ərlərinə görə repressiyaya uğramış Azərbaycan qadınının rəmzinə çevrilib.

Şükriyyə xanımın yaşadığı o əzablı sürgün həyatı qarşısında baş əyərək, bunu da deməyi özümə rəva bilirəm ki, Şükriyyə xanım hər halda sürgündən salamat qayıtmışdı və öz qalan ömrünü asudə yaşamışdı. Böyük Hüseyn Cavidin xanımı və qızı ümumiyyətlə həbs və sürgün olunmamışdılar. Bu xoşbəxt-bədbəxt qadın talelərini əslən müqayisə etmədən, hətta güllələnmiş Seyid Hüseynin xanımı Ümmügülsümün də səhhəti pozulmuş halda olsa da ağır sürgündən qayıtdığı, Bakıda sağ-salamat yaşayan övladlarına qovuşduğu və nakam bacısından fərqli olaraq hekayətinin də yazıldığı faktı qarşısında dünyası darmadağın edilmiş, həyatı balaları ilə birlikdə viran qoyulmuş Ümbülbanu xanım Rəsulzadənin taleyi niyə Azərbaycan yazıçısınən, şairinin, sənət adamlarının diqqətindən kənar qalıb, heç kəsin qəlbini riqqətə gətirməyib...

Bəlkə qarşını o Böyük Kişinin Böyük Adı kəsib?

Düzü, belə düşünmək istəmirəm...

Amma neçə illərdir bu suala cavab tapa bilmirəm... Bəlkə siz deyəsiniz ...

Ümbülbanu xanım Rəsulzadə başda olmaqla repressiyalara məruz qalmız bütün Azərbaycan qadınlarına Tanrıdan rəhmət diləyək.

8 mart Qadınlar bayramınız mübarək, əziz Xanımlar !

Избранный
23
1
anspress.com

10Источники