RU

Elgün Məhəmmədəlizadə: Novruz yarmarkasında 155-dən çox təbii məhsul çeşidinin paytaxt sakinləri üçün satışı planlaşdırılır

Bakı, 8 mart, AZƏRTAC

Bu gündən etibarən martın 19-nə qədər “Kənddən şəhərə” layihəsi çərçivəsində sayca 7-ci Novruz yarmarkası fəaliyyətə başlayır. Məlumdur ki, “Kənddən şəhərə” Yarmarkası ölkəmizdə kənd təsərrüfatının inkişafına, fermerlərin dəstəklənməsinə, əhalinin yerli və təbii məhsullara əlçatanlığını təmin etməyə yönələn ən vacib layihələrdən biridir. Bu səbəbdəndir ki, bu gün yarmarkada Azərbaycanın 20-dən artıq regionundan gələn 55-dən çox fermer öz təsərrüfatında yetişdirdiyi təbii məhsulunu satışa çıxardıb. “Fermerdən süfrənizə” şüarımızla təşkil olunan yarmarkamızda hazırda 155-dən çox təbii məhsul çeşidi alıcılara təqdim olunur.

Bu barədə “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, “Aqrar Tədarük və Təchizat” ASC olaraq bu il fermerlərin və alıcıların tələbatını nəzərə alaraq yarmarkanın fəaliyyət müddəti artırılıb. On iki gün davam edəcək Novruz ab-havalı yarmarkada məqsədimiz kiçik və orta fermer təsərrüfat sahiblərinin bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda, bayram ərəfəsində şəhər sakinlərinin təbii, yerli və keyfiyyətli kənd məhsullarına əlçatanlığını artırmaqdır. Yarmarkada iştirak hər bir fermer üçün ödənişsizdir. Onlar, həmçinin ödənişsiz şəkildə “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən piştaxta və tərəzilərlə də təmin olunurlar.

“Fermerlərin yarmarkada iştirak etmələri üçün isə şərtlərimiz çox sadədir. “Aqrar Tədarük və Təchizat” ASC-nin Çağrı mərkəzi daim aktivdir. Bizə sadəcə müraciət edərək qeydiyyatdan keçərək yarmarkada məhsullarını satışa çıxara bilərlər. Çünki “Kənddən şəhərə” yarmarkalarının əsas məqsədlərindən biri də paytaxtda fermer təsərrüfatları üçün tamamilə ödənişsiz alternativ satış kanalının yaradılmasıdır”, - deyə ASC sədri vurğulayıb.

O əlavə edib ki, gündəlik olaraq, qurumun əməkdaşları bazar qiymətlərini araşdırdıqdan sonra fermerlərə tövsiyə xarakterli qiymətlər təklif olunur. Yarmarkada fermerlərin iştirakı tamamilə ödənişsiz olduğu üçün onlar məhsullarını münasib qiymətə satışa çıxara bilirlər. Paytaxt sakinləri isə həm yerli, həm də sərfəli məhsullar əldə edə bilirlər.

“Martın 19-dək hər gün saat 09:00-dan 19:00-dək dəyişməz ünvanımız olan Fətəli Xan Xoyski küçəsi 5-də davam edəcək Novruz yarmarkasına hər kəsi dəvət edirik. Yarmarkada təklif olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Agentliyin Səyyar Qida Laboratoriyası hər gün yarmarkanın qarşısında fəaliyyət göstərəcək. Hər hansı sualı yaranan vətəndaşlar məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər”, - deyə E.Məhəmmədəlizadə vurğulayıb.

Избранный
8
azertag.az

1Источники