Madrid "Real"ının rəhbərliyi "Barselona"ya həkim Karles Minaryo Qarsiyanın ölümü ilə bağlı başsağlığı verib. 

Offsideplus.az xəbər verir ki, "kral klubu" bununla əlaqədar rəsmi bəyanat yayıb.

"Real Madrid" klubu, onun prezidenti və Direktorlar Şurası "Barselona"nın həkimi Karles Minaryo Qarsiyanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Biz Karlesin əzizlərinə və yaxınlarına, onun həmkarlarına və bütünlükdə "Barselona"ya öz kədərimizi və dəstəyimizi çatdırmaq istərdik", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Qarsiya martın 8-də axşam, La Ligada "Osasuna" ilə ev oyununa bir neçə saat qalmış dünyasını dəyişib. Qəfil ölümdən şok keçirən "Barselona"nın futbolçu və məşqçi heyətinin xahişi ilə "Osasuna"ya qarşı matç təxirə salınıb.