BAKI,TurkicWorld
Yeni araşdırmaya görə, həddindən artıq isti havalar insan orqanizminin bioloji yaşlanmasına siqaret və alkoqoldan daha çox təsir göstərə bilər.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları, ABŞ-da 56 yaş və daha yuxarı olan 3600 nəfərin məlumatlarını araşdıraraq onların bioloji göstəricilərini yaşadıqları bölgələrdəki temperatur dəyişiklikləri ilə müqayisə ediblər.
Araşdırma göstərib ki, havanın 32 dərəcədən yüksək olduğu günlərin çox olduğu bölgələrdə yaşayan insanların bioloji yaşlanma prosesi daha sürətli gedir. Bəzi hallarda bu fərq bir ildən daha artıq ola bilər.
Bioloji yaş insanın hüceyrə və molekulyar səviyyədə bədənindəki aşınma və zədələnməni əks etdirir. Bu isə xronoloji yaşı (insanın doğumundan bu günə qədər keçən müddət) ötüb keçə bilər. Araşdırmaya görə, bioloji yaş xronoloji yaşdan yüksək olduqda, insanın xəstəliklərə tutulma və erkən ölüm riski artır.
Tədqiqatçılar 2010-2016-cı illər arasında Arizona kimi isti bölgələrdə yaşayan iştirakçıların qan nümunələrini analiz ediblər. Daha sonra epigenetik saatlardan istifadə edərək iştirakçıların yaşını müəyyən ediblər və nəticələri yerli temperatur və rütubət göstəriciləri ilə müqayisə ediblər.
Nəticələrə görə, isti iqlimlərdə yaşayan insanların bioloji yaşlanması daha sürətli baş verir, hətta siqaret çəkmə və alkoqol istifadəsi kimi həyat tərzi faktorları nəzərə alındıqdan sonra belə bu tendensiya davam edir.
Təkcə yüksək temperatur deyil, həm də rütubət bu prosesi daha da gücləndirir.