RU

Rəşad Sadıqov: “Bu qələbə “Zirə”ni daha da böyütməlidir”

“Zirə” baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyun şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox stressli, emosional oyun alındı. Cavid Hüseynovu təbrik edirəm, çox yaxşı işlər görür, yaxşı komanda formalaşdırır. Rəqib qış fasiləsindən sonra iddialı klublara uduzmamışdı. “Səbail” əzmkar komandadır. Çətin olacağını bilirdik. Erkən qol vurmaq istədik ki, oyun daha rahat keçsin. Ancaq cəhdlərimiz uğursuz alınırdı. İkinci hissədə də qol epizodlarımız oldu. Şükürlər olsun ki, qol vurub, qalib gəldik. Futbolçular ruhdan düşmürdülər. Onları təbrik edirəm.

Bu tip oyunarda nadir hallarda qalib gəlirsən. Qol vurmasaydıq da, oyunçularıma oyuna görə minnətdarlıq bildirəcəkdim. Üç dirəkdən dönən topumuz oldu. Son hücumda qol vurmaq dramatik alındı. Bu da futbolçularımızı bir az da böyütməlidir. Özümüz üçün nəticə çıxarmalıyıq ki, sona qədər oynamaq lazımdır. Əvvəlki matçlarda da son dəqiqədə qol vurmuşuq. Amma bu oyun başqa səviyyə idi. Əslində, komandamızı böyütməlidir”.

Rəşad Sadıqov “Zirə”nin yeni transferi Quima barədə də fikirlərini bildirib:

“Quimanı 4-5 ildir tanıyıram. “Zirə”yə yeni gələndə də danışıqlar aparırdıq, daim əlaqədəydik. Ondan sonra Portuqaliyaya getdi, Polşada oynadı. Uğurlu karyerası olub. Yayda da danışırdıq. Fürsət yarandı, onu gətirdik. Hələ hazır deyil. 2 aydır klubsuzdur. Özünə gəlməsi ay yarım vaxt çəkəcək”, deyə Rəşad Sadıqov vurğulayıb.

“90+6-cı dəqiqədə qol buraxmaq əlavə məyusluq verir”

“Səbail”in baş məşqçisi Cavid Hüseynov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Çox ağır oyun idi. Bizim üçün bu dəqiqə xallar önəmli və vacibdir. Qırmızı vərəqə almağımız oyuna çox təsir etdi. Məğlub olduq. Rəqibi təbrik edirik. Qarşıdakı oyunlara baxacağıq. Hələ 10 tur var. Növbəti oyunlarda qələbə qazanmağa və xallarımızın sayını artırmağa çalışacağıq.

70-ci dəqiqədən sonra “Zirə” kimi rəqibə qarşı 10 nəfərlə oynamaq asan deyil. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək oyunçular var. İstənilən halda hesabı dəyişə bilirlər, yaxşı komanda formalaşdırıblar. 90+6-cı dəqiqədə qol buraxmaq əlavə məyusluq verir. Futbolun içində olan şeylərdir.

Əsas rəqibimiz elə özümüzük. Bir qələbə lazımdır ki, komandanın inamını özünə qaytarsın və ardını gətirək. Futbol oynaya bilirik. Sadəcə, bir az inamsızlıq yaranıb. Onu aradan qaldırmaq üçün çalışırıq”.

Cavid Hüseynov qırmızı vərəqə, növbəti turdakı rəqibləri “Neftçi” və klubun transfer siyasəti barədə də suallara da cavab verib:

“Süleyman Alluşun qırmızı vərəqə aldığı epizoda baxmadım. Görməmişəm. Alluş bunu bilərəkdən edibsə, böyük məbləğdə cərimələnəcək. Komandanı belə çətin vəziyyətdə qoymaq olmaz.

Növbəti turda “Neftçi” ilə qarşılaşacağıq. “Neftçi” yaxşı komandadır. Bizim üçün artıq rəqibin adı önəmli deyil. Əsas xallar qazanmaq lazımdır. Üçüncü dövrəyə yaxşı başlamışdıq. Amma bunun davamını gətirə bilmirik. Bu, normaldır. Gözləyirdik. Zədəli futbolçularımız çoxdur. Bəzi oyunlarda müəyyən gənclərə də üstünlük verdik. Heyətimiz geniş deyil. Üçüncü dövrədə qələbələr qazansaq belə, sonrası məlum idi ki, daha çətin olacaq.

Transferlərlə bağlı suala indi cavab vermək istəmirəm. Çox istəyərdik ki, daha 2 futbolçu gətirək. Bu haqda da danışmışdıq, razılaşmışdıq. Müəyyən məsələlər oldu ki, alınmadı”.

Избранный
21
arena.az

1Источники