"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.


Rekord.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:


“Çox stressli, emosional oyun alındı. Cavid Hüseynovu təbrik edirəm, çox yaxşı işlər görür, yaxşı komanda formalaşdırır. Rəqibi analiz edəndə müəyyən çətinliklər çəkirdik. Qış fasiləsindən sonra iddialı klublara uduzmamışdılar. "Səbail" əzmkar komandadır. Çətin olacağını bilirdik. Erkən qol vurmaq istədik ki, oyun daha rahat keçsin. Ancaq cəhdlərimiz uğursuz alınırdı. İkinci hissədə də qol epizodlarımız oldu. Şükürlər olsun ki, qol vurub, qalib gəldik. Futbolçular ruhdan düşmürdü. Onları təbrik edirəm.


Bu tip oyunarda nadir hallarda qalib gəlirsən. Qol vurmasaydıq da, oyunçularıma oyuna görə minnətdarlıq bildirəcəkdim. Üç dirəkdən dönən topumuz oldu. Son hücumda qol vurmaq dramatik alındı. Bu da futbolçularımızı bir az da böyütməlidir. Özümüz üçün nəticə çıxarmalıyıq ki, sona qədər oynamaq lazımdır. Əvvəlki matçlarda da son dəqiqədə qol vurmuşuq. Amma bu başqa şey idi. Əslində, komandamızı böyütməlidir”.