Rusiya iki britaniyalı diplomatı akkreditasiyadan məhrum edib və onların ölkədən çıxarılmasına qərar verib.
hakimiyyet.az-ın "İnterfaks"a istinadla məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən bəyan edilib.
"Xüsusi xidmət orqanları Böyük Britaniyanın Rusiyadakı səfirliyinin ikinci katibi Alkeş Odedra və diplomatik missiyanın siyasi bölməsinin birinci katibi Tabasum Raşidin həyat yoldaşı Maykl Skinnerin ölkəyə daxil olmaq üçün icazə alarkən bilərəkdən yanlış məlumat verdiklərini təsdiqləyib. Bu, Rusiya qanunvericiliyinin pozulmasıdır", - deyə FTX-dən bildirilib.
Onlar əlavə ediblər ki, FTB, həmçinin sözügedən diplomatların Rusiyanın təhlükəsizliyini təhdid edən kəşfiyyat işləri aparması əlamətlərini müəyyən edib.
"Hazırda onlar akkreditasiya hüququndan məhrum ediliblər və iki həftə ərzində ölkəni tərk etməlidirlər", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Moskvada Böyük Britaniya səfirliyinin siyasi bölməsinin ikinci katibi Uilks Edvard Priyor da Rusiyaya daxil olmaq üçün yanlış məlumat verdiyi üçün akkreditasiya hüququndan məhrum edilib.