RU

İkinci “Parla” təqaüd və inkişaf proqramının açılış mərasimi keçirilib

Təhsilin İnkişafı Fondunun (TİF) “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində ikinci ildir ki, Azərbaycanda tələbə qızlar üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir. Bu il 50 yeni tələbə seçilərək proqrama qəbul olunub, beləliklə ümumi iştirakçı sayı 100 nəfərə çatıb.

TİF-dən TƏHSİL.BİZ -ə verilən məlumata görə, qalib tələbələr 791 ərizəçi arasından seçilib, bu isə ötən ilki 674 müraciətlə müqayisədə daha yüksək rəqabəti əks etdirir. Seçim prosesinin yekun mərhələsində 120 namizədlə müsahibə əsasında 50 nəfər proqrama qəbul olunub. Əvvəlki ildə olduğu kimi, seçim meyarları tələbələrin akademik uğurlarına və sosial-iqtisadi vəziyyətinə əsaslanıb.

Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Parla” proqramının dövlət və özəl sektorlarının güclü əməkdaşlığı ilə əldə edilə biləcək uğurun nümunəsi olduğunu bildirib. “Parla”nın qadın tələbələrinin təhsil yolunu daha da zənginləşdirdiyini qeyd edən sədr, proqramın həmçinin onlara peşəkar dünyada uğur qazanmaq və cəmiyyətin inkişafına töhfə vermək üçün yeni bacarıqlar və özünəinam qazandırdığını vurğulayıb.  

“NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə təhsilin həyatları dəyişmək və müsbət təsir yatarmaq gücünə malik olduğuna inandığını bildirib. O, “NEQSOL Holding Azərbaycan”ın bu təşəbbüsə dəstək olmasında əsas məqsədinin tələbələrin parlaması, uğur qazanması və başqalarına ilham verməsi olduğunu deyib. Təhsil və inklüzivliyə sərmayə edərək, cəmiyyətimizin parlaq gələcəyinə töhfə verdiyimizi vurğulayan İ.Əhmədzadə bu yanaşmanın yalnız fərdi inkişafı deyil, eyni zamanda daha geniş bir cəmiyyətin rifahına və inkişafına töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.

“Təhsil və insan kapitalının inkişafı “NEQSOL Holding”in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritet sahələridir. Parla proqramı vasitəsilə gənc istedadları yeni bilik, bacarıq və imkanlarla dəstəkləyirik. Təhsilə yatırım davamlı inkişafı təşviq edir, innovasiyanı dəstəkləyir və daha inklüziv bir cəmiyyətin inkişafına töhfə verir”, – deyə “NEQSOL Holding”in Baş direktoru Yusif Cabbarov adından qeyd edilib.

Tədbirdən sonra Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova tərəfindən proqram iştirakçıları ilə qarşılıqlı əlaqənin qurulmasına və bir-birilərini daha yaxından tanımağa kömək edən interaktiv oyunlar keçirilib.

Xatırladaq ki, “Parla” təqaüd və inkişaf proqramı çərçivəsində iştirakçılar təhsil aldıqları müddət ərzində təqaüd almaqla yanaşı, ingilis dili kursları, IELTS imtahanına hazırlıq və imtahanın ödənişi, təcrübə proqramları, mentorluq, master-klaslar, eləcə də “NEQSOL Academy” vasitəsilə dünyanın aparıcı universitetlərinin onlayn proqramlarına və “LinkedIn Learning” platformasının alətlərinə çıxış əldə edirlər.

 

 

 

 

 

Избранный
3
14
tehsil.biz

10Источники