RU

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Bakı, 10 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu Elmi şurasının növbəti iclasında bu elmi qurumda proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri üzrə 2025-ci il ərzində aparılaсaq tədqiqatlar barədə məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri dosent Tofiq Kazımov rəhbərlik etdiyi struktur bölmənin cari il ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin çapı, şöbədə keçiriləcək elmi seminarlar haqqında ətraflı danışıb.

Dosent T.Kazımov “Sosial mühəndislikdə proqram sistemlərinin istismarı prosesində meydana çıxan insidentlərin intellektual analizi və tövsiyələrin verilməsi” mövzusu üzrə intellektual analiz və konseptual modelin işlənməsi, eləcə də proqram sistemlərinin istismarı prosesində meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metodun işlənməsinin nəzərdə tutulduğunu qeyd edib.

Şöbə rəhbəri “Proqram sistemlərinin dayanıqlılığının artırılması üçün metod və modelin işlənməsi” mövzusunda aparılan tədqiqatlar barədə məlumat verib. Bildirib ki, iş üzrə proqram sistemlərinin dayanıqlığının artırılması üçün qeyri-səlis neyron şəbəkə modelinin tətbiqi, proqram kodunun obfuskasiyasının elmi-nəzəri problemlərinin araşdırılması, proqram təminatı layihələrinin vizuallaşdırılması üçün mövcud model və vasitələrin müqayisəli təhlilinin aparılması planlaşdırılır.

O, həmçinin qeyd edib ki, “Proqram sistemlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində tədqiqatların aparılması da şöbənin cari il üzrə planına daxildir.

Dosent T.Kazımov il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə 8 məqalənin və 10 konfrans materialının təqdim edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək təqdim olunan fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim struktur bölmədə müasir dövrün çağırışlarına cavab verən elmi istiqamətlərdə tədqiqatlar aparıldığını qeyd edib, proqram sistemlərinin problemlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.

Избранный
7
azertag.az

1Источники