RU

BDU-da Təbiət ixtisasları üzrə işçi qrupunun iclası keçirilib

Bakı Dövlət Universitetində (BDU) yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları üzrə işçi qrupunun iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyevin həmsədrliyi ilə keçirilən iclasda işçi qrupun üzvləri iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, hazırda ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində islahatlar aparılır. Elm və təhsil nazirinin müvafiq əmri ilə müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü yeni təhsil proqramlarının layihələrinin hazırlanması məqsədilə Komissiya yaradılıb.

Təbiət ixtisasları qrupunun hər bir ixtisas üzrə altqruplarının tərkibinə ölkənin müxtəlif ali təhsil müəssisələri, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutları, eləcə də dövlət və özəl müəssisələrdə çalışan mütəxəssislər daxil edilib və müvafiq ixtisas üzrə üzvlərdən bir nəfər seçilərək, altqrupa sədr təyin olunub. Hazırda bu qruplar tərəfindən əmək bazarının tələbləri, dünyanın tanınmış universitetlərinin bu sahədə təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı tərtib olunur.

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bu gün dünyada gedən qlobal transformasiyaların fonunda Azərbaycanda kadr potensialının artırılması və yeniliklərin tətbiqinə zərurət yarandığını deyib. Qeyd edib ki, rəqəmsal texnologiyaların müxtəlif sahələrə nüfuz etməsi məsələlərə münasibətlərin dəyişməsinə gətirib çıxarıb. Təbiət ixtisasları qrupu üzrə işçi qrupunun iclasının BDU-da keçirilməsi də təsadüfi deyil. BDU təbiət elmlərinin əsasının qoyulduğu ali təhsil müəssisəsidir. Qarşıda duran vəzifə təbiət elmləri üzrə ixtisaslara yenidən baxılması və günümüzə uyğunlaşdırılmasıdır: “Biz həm də inkişaf etmiş ölkələr və onların aparıcı universitetlərinin təcrübələrindən istifadə etməli və müqayisələr apararaq ortaq nöqtəni tapmalıyıq. İnanıram ki, işçi qrup və onun təşkil etdiyi altqruplar bu işi uğurla icra edəcəklər”.

Qeyd edək ki, elm və təhsil nazirinin 2025-ci il 24 fevral tarixli əmri ilə təhsil proqramlarının layihələrinin hazırlanması məqsədilə yaradılan Komissiyanın tərkibində Təhsil ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisaslar qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman və xidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları qrupu olmaqla 9 işçi qrup yaradılıb. İşçi qruplara rəhbərlik ali təhsil müəssisəsinin rəhbəri və əmək bazarından nümayəndə olmaqla həmsədrlik mexanizmi əsasında təşkil edilib.

İclas müzakirə formatında davam etdirilib.

Избранный
12
1
tehsil.biz

5Источники