Martın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, biznes subyektlərinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli iştirakçıları salamlayıb. Qeyd edib ki, tədbirin məqsədi ölkəmizdə mədəniyyət və yaradıcı sənayelərin (MYS) inkişafı istiqamətində əldə olunan nəticələri işıqlandırmaq və atılacaq birgə addımları müəyyənləşdirməkdir.
Bildirilib ki, MYS-lər hazırda dünya miqyasında sürətlə böyüyən və iqtisadiyyatın ən çevik sahələrindən biri kimi önə çıxır, iqtisadi inkişaf və diversifikasiya üçün imkanlar təklif edir, mədəni və sosial dəyərlər yaradır. MYS-lər yaradıcılıq və intellektual kapitaldan əsas vəsait kimi istifadə etməklə mədəni komponentli mal və xidmətlərin yaradılmasını, istehsalını və paylanmasını əhatə edir. Buraya reklam, memarlıq, incəsənət, dizayn, musiqi və kino istehsalı, nəşriyyat və videooyunlar kimi müxtəlif fəaliyyətlər daxildir.
MYS-lərlə bağlı son illərdə qlobal miqyasda müşahidə olunan bir sıra tendensiyalar haqqında danışan Adil Kərimli bu sahənin qlobal iqtisadiyyatda tutduğu mövqeyi konkret faktlarla diqqətə çatdırıb.
Bildirilib ki, hazırda gənc nəsil daha çox rəqəmsal məzmuna üstünlük verir. Çünki videoyunlar, musiqi, film və reklam sənayeləri ən gəlirli sahələrdən hesab olunur.
MYS-lərin inkişaf prosesləri ilə bağlı beynəlxalq təcrübədən danışan nazir deyib ki, ayrı-ayrı ölkələrdə dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, o cümlədən fondlar və özəl şirkətlər proseslərdə fəal şəkildə iştirak edirlər. Eyni zamanda qeyd olunan qurumlar bu sahəyə zəruri ekspert, infrastruktur dəstəyi göstərir, bir sıra layihələrdə donor, o cümlədən sponsor və ya investor qismində çıxış edirlər. Bu sahə çoxsaylı qrantlar, ianələr və subsidiyalarla da təmin olunur.
Ölkəmizdə MYS-lərin fəaliyyətinə ayrılan diqqətdən söz açan Adil Kərimli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində bu sahənin inkişafı Azərbaycan dövlətinin əsas prioritetləri sırasına daxil edilib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planına uyğun olaraq, 2023–2024-cü illərdə strategiya çərçivəsində mühüm addımlar atılıb. Aidiyyəti qurumların iştirakı ilə mədəni və yaradıcı sənayelərin təsnifatlandırılması istiqamətində Azərbaycan Respublikasında MYS sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin (vəzifələrin), ölkədə istehsal olunan, ixrac olunan MYS məhsul və xidmətlərinin siyahıları hazırlanıb. Həmin siyahılar təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilib.
Bundan əlavə, mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı təsis olunub. Hazırda ümumilikdə 20 tələbə müxtəlif ölkələrin aparıcı universitetlərində təhsil alır.