Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Məmməd Badıyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə ötən il Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən “Umud” adlı restoranda qeydə alınıb.
Belə ki, Məmməd Badıyev zərərçəkmiş Yusif Nəbizadəyə (şərti) məxsus sözügedən restoranda pivə içib. Sonra təqsirləndirilən şəxs Yusifin ona acıqlı baxaraq restoranın sanitar qovşağına tərəf getməsini özünə qarşı qərəzli münasibət hesab edib. O, sərxoş vəziyyətdə zərərçəkmiş şəxsin arxasınca gedib orada onun ünvanına ucadan nalayiq ifadələr işlədərək üzərinə hücum edib. Daha sonra Məmməd özü ilə gətirdiyi kəsici alətdən silah qismində istifadə edərək Yusifin sifət və boyun nahiyəsinə qəsdən bir neçə zərbə vuraraq, ona bədən xəsarətləri yetirib.
Hadisədən sonra Məmməd Badıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.
Kamal Məmmədov