Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsür - Su, Od, Yel və Torpaq durur. Buna görə də Novruz bayramından əvvəlki dörd çərşənbə məxsusi törənlə keçirilir. Əski inanclara görə, bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri canlanır. İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır.
Artıq biz bu gün ilaxır çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsini qeyd edirik. Xalq arasında bu çərşənbəyə Yel çərşənbəsi, Yelli çərşənbə, Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə də deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində adətən hava təmizlənir. İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir. Çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edib Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir.
Yel çərşənbəsi günü həyətlərdə tonqal qalanır, evlərdə plov, südlü plov, lobyalı aş, bulğur aşı və bir çox yeməklər bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnanca görə, Yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar. “Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “Yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqət çəkir. Yel Azərbaycan mifik təfəkküründə həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı obrazında peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır.
Bölgələrdə, Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın-qohum əqrabanın yada salınması günü kimi də qeyd edilir. Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov, halva olur. Ehsan qohum-əqrabalara, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də “yasdan çıxarma” sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır.
Qədim zamanlarda hələ xırmanın mövcud olduğu vaxtlarda yellə bağlı keçirilmiş mərasimlər də var. Mərasim “Yel baba” adlanırdı və taxıl biçilib xırmana yığılandan sonra keçirilirdi. Məlumdur ki, keçmişdə kombayn olmadığından taxıl əllə biçilərək dərz bağlanar, at, öküz arabaları ilə xırmana daşınardı. Dərzlər xırmanda döyüləndən sonra buğdanın, arpanın və digər dənli bitkilərin sovrularaq samandan, çör-çöpdən, kol-kosdan təmizlənib, ayrılması üçün küləyə ehtiyac var idi. Ona görə də keçmişdə insanlar xırmanda taxılın sovrulması zamanı “Yel baba, gəl, ağ atına arpa, saman apar” deyərək küləyi, yeli müxtəlif nəğmələrlə köməyə çağırardılar. İnanclara görə, bu mərasimdən sonra yel əsər və insanlar taxılı rahat sovurardı.
Küləklə, yellə bağlı bəzi miflər, rəvayətlər də mövcuddur. Rəvayətə görə, qədim zamanlarda Fatı (Fatma nənə) qarı yeddi rəngdə ip əyirib, yumaqları dizinin altına qoyaraq, hanada toxuculuq işinə hazırlıq edirmiş. Birdən yel əsir və yumaqlardan biri diyirlənib, açılır və ip dolaşır. Fatı qarı bundan qəzəblənir, “Azarım, bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı? İplərimi dolaşdırdı” deyib yelə qarğış edir. Yel baba qarğışdan hirslənir, daha bərkdən əsir və bütün yumaqlar diyirlənərək açılır. İplər bir birinə dolaşaraq, göyə qalxır və yel yumaqları üfüqlərə kimi aparır. Fatı qarı da qəzəbindən qarğışı-qarğışa calayır, əl ağacı ilə Yel babanın arxasınca düşüb onu vurmağa çalışaraq, yumaqlarının ardınca qaçır, amma yumaqlarını tuta bilmir. Deyilənə görə, elə o vaxtdan da Fatı qarının ipləri yeddirəngli qurşağa dönərək göydən asılır. Fatı qarı da nə Yel babanı vura bilir, nə də ipləri tuta bilir. Yağışdan sonra yeddirəngli göy qurşağı görünəndə ona el arasında “Fatı qarının hanası” və ya “Fatma nənənin saçaqları” da deyirlər.
Sevinc Azadi, “İki sahil”