RU

Mərkəzi Bank sabah faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı sabah – 12 martda bu ilin ikinci faiz qərarını açıqlayacaq.

APress.az xəbər verir ki, qərar Bakı vaxtı ilə saat 10:00-da elan ediləcək.

2025-ci ilin ilk iclasında- 22 yanvarda Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılmışdı. Artıq ardıcıl 6-cı iclas idi ki, Mərkəzi Bank faizlərini dəyişməz saxlayırdı.

Azərbaycan Mərkəzi Bankının illik inflyasiya hədəfi 4±2% aralığındadır.

Mərkəzi Bank 22 yanvar açıqlamasında bildrmişdi ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. “İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərinin sabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcək”,- deyə qərarda deyilirdi.

2025-ci ilin yanvar ayında isə istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz artıb. 2025-ci ilin fevral ayı üzrə inflyasiya göstəriciləri açıqlanmayıb.

Bu ilin fevral ayının əvvəlində Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycan Mərkəzi Bankının mart ayında uçot dərəcəsini artıracağını proqnozlaşdırıb. “ING Group” Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi üzrə proqnozunu bu ilin birinci rübündən 2026-cı ilin üçüncü rübünə kimi 7,25%-dən 7,50%-ə yüksəldəcəyini bildirib. Korporasiya 2026-cı ilin üçüncü rübü üzrə uçot dərəcəsi üzrə proqnozunu 7,50%-dən 7,75%-ə, dördüncü rübü üzrə isə 7,75%-dən 8,00%-ə yüksəldib.

Ancaq “Trading Economics” beynəlxalq iqtisadi statistika portalı Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin I rübündəki qərarlarında uçot dərəcəsini sabit saxlayacağını, ilin II rübündə isə uçot dərəcəsini 6,75%-ə qədər endiricəyi gözləntisindədir.

22 Yanvar 2025-ci ildə keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov faizlərin aşağı salına biləcəyinə işarə etmişdi.

Mərkəzi Bankın pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına görə, 2025-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcək:

23 aprel

11 iyun

23 iyul

10 sentyabr

22 oktyabr

10 dekabr

Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.

Избранный
41
apress.az

1Источники