“İran XİN nazirinin irəli sürdüyü iddialar mövcud şərait üçün ” iddia” olaraq da qalacaq. Çünki baş vermiş qiyama qarşı əməliyyatı hakimiyyət qüvvələri həyata keçirib. Türkiyənin nəzarəti altında olan antiterror əməliyyatı keçirdiyi bölgələrdə Türkiyə Silahlı Qüvvələrinə qarşı problem yaradılmadığından Türkiyə Silahlı Qüvvələri bu əməliyyatda iştirak edə bilməz. Türkiyənin bu istiqamətdə yeni ərazilərdə yeni əməliyyatlar keçirməsi üçün ölkə parlamentinin icazəsi, prezidentin təsdiqi lazımdır”.
Bunu Editor.az-a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İranın xarici işlər naziri Abbas Araqçı Bəşər Əsəd tərəfdarlarının Suryanın Latakiya əyalətindəki silahlı qiyama görə Türkiyəni ittiham etməsi ilə əlaqədar şərhində deyib.
Onun sözlərinə görə, Abbas Araqçının Türkiyənin ünvanına söylədikləri daha çox Suriyada İran hakimiyyətinin gücsüzlüyünün təzahürüdür:
“İran hakimiyyəti Suriyada təsiretmə imkanlarını itirib. Bu da Bəşər Əsədin süqutu ilə sona çatdı. İndi Bəşər Əsəddən qalma çöküntülər, müxtəlif silahlı qruplaşmalar mövcud hakimiyyətə qarşı təriqət, məzhəb və başqa bu kimi qıcıqlandırıcı amillərdən istifadə edərək ölkədə xaos yaratmağa cəhd göstərir, xof yaradır. Ötən həftə başlamış və üç gün ərzində sona çatdırılmış qiyam da bunu təsdiqləyir. Bu qiyamın başında Bəşər Əsəd rejiminin briqada generalı Qiyas Süleyman Dalla dayanır. Qiyam da Rusiya hərbi bazasının yerləşdiyi əraziyə yaxın bölgələrdə baş verib. Hadisə ilə bağlı başqa ölkələri ittiham etmək İran hakimiyyətinin Suriyada zəifliyinin və oyundan kənarda qalmasının göstəricisidir. İran hakimiyyəti bu məsələdə ABŞ və ya başqa ərəb ölkələri ilə bağlı fikir söyləyə bilmir, ancaq Türkiyəni ittiham edir. Bu isə o deməkdir ki, İran Suriyadan çıxarılıb. Türkiyənin regionda apardığı siyasət region ölkələrinin daha çox xeyrinədir. İran regionda daha çox bölücülük, təriqətçilik fəaliyyəti ilə məşğul olub. Türkiyənin apardığı siyasət isə regionda sabitlik, əməkdaşlıq, bütövlük və birliyə hesablanıb. Ona görə də region xalqları daha çox Türkiyənin yanındadır. Abbas Araqçının da açıqlaması daha çox Suriyada qarşıdurma yaradılmasında günahı üzərindən atmaq cəhdidir”.
//Gülnarə Abasova, Editor.az