Dünən "Cinema Talks" çərçivəsində keçirilən panel müzakirədə gərgin anlar yaşanıb.
Kulis.az xəbər verir ki, Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əl İsa Cabbarovla Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu bir-birini ittiham edib.
Əl İsa Cabbarov bildirib ki, bu gün kino sahəsinə ayrılan pullar təyinatı üzrə xərclənmir. O, aidiyyəti qurumların bir-biri ilə yola getmədiklərini vurğulayıb:
"Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir".
Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu isə ona belə cavab verib:
"Statistikaya əsaslanmaq lazımdır. Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda "44", "Borc", "Doğma torpaq" kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır".
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev Qaynarinfo-ya açıqlamasında xəstə olduğu üçün sözügedən tədbirə qatıla bilmədiyini qeyd edib:
"Kinoya ayrılan və xərclənən pullar şəfaf olmalıdır. Məsələn, bu gün "Azərbaycanfilm"ə pul vermirlər. Niyə? O boyda studiya qalıb göz dağı kimi. Əgər studiya varsa niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul verirlərsə bu açıqlanmalıdır. Əlisa düz deyir".
Sədrin sözlərinə görə, dövlət kino sahəsinə ayıran pul Mədəniyyət Nazirliyinin balansına köçürür:
"Nazirlik isə həmin pulu Kino Agentliyinin hesabına köçürür. Biz kino çəkən deyilik, amma ayrılan pullar kino çəkənlərə, kinostudiyaya verilməlidir. Qəbul olunan ssenarilərin əsasında pul bölünməlidir. Amma bu gün proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur. Pulun hara və necə xərclənməsi ilə bağlı məlumatsızıq. Bizi narahat edən əsas məsələ Cəfər Cabbarlı adına Kinostudiya uzun illərdir ki, boş dayanıb, amma onlara pul ayrılmır. Niyə? Onların nə məqsədi var? Kinostudiyanı bağlamaq istəyirlər? Ümumiyyətlə, qurumla bağlı plan nədir? Kinostudiya qalıb bom-boş, 3-4 nəfər də əməkdaşı, film çəkmək üçün hər şərait də var. Niyə onlara pul ayrılmır? Səbəbini demirlər. Desinlər, biz də bilək". Bakupost