RU

Elçin Mirzəbəyli: Cənubi Qafqazda Türkiyə faktorunun güclənməsi reallıq olaraq qalır

Rusiya da bölgədə öz təsir imkanlarını müəyyən ənənəvi metodlarla qoruyub saxlamağa çalışacaq

Cənubi Qafqaz hər zaman yeni dünya nizamına uyğun olaraq ortaya çıxacaq ayrı-ayrı qüvvələrin diqqət mərkəzində olacaq

Türkoloq Ruben Safrastyan erməni mediasına geniş müsahibəsində deyib ki, yeni dünya düzənində Cənubi Qafqaz Rusiyanın ümumi təsir dairəsində qalacaq. O bildirib ki, Cənubi Qafqazda Türkiyə faktorunun güclənməsi reallıqdır və düşünürəm ki, ABŞ da bununla razılaşacaq. Türkiyə Yaxın Şərqdə böyük bir oyuna başladı və Türkiyə o oyundan daha çox faydalanmağa çalışır, resurslarının böyük hissəsini də Yaxın Şərqə yönəldib. Buna görə də Ankara status-kvonu saxlayacaq və Cənubi Qafqazda çox fəallıq göstərməyəcək. Təbii ki, Türkiyənin son məqsədi Cənubi Qafqazı Türkiyənin təsir dairəsinə çevirməkdir, lakin indi bu, baş verməyəcək. İrana gəlincə, hazırda ciddi daxili problemləri olduğu üçün Cənubi Qafqazda aktiv olmayacaq. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Sherg.az”a söyləyib ki, erməni türkoloq olduğunu iddia edən Ruben Safrastyan prinsip etibarı ilə daha çox siyasi ekspert kimi çıxış edir və təbliğat elementlərini açıqlamalarında dilə gətirməkdən çəkinmir:

“Cənubi Qafqazda şübhəsiz ki, Türkiyə faktorunun güclənməsi reallıq olaraq qalır. Həmin reallığın daha da güclənməsi istiqamətində ciddi layihələrin icra olunduğunun şahidiyik. İndiki şəraitdə regionda mövcud təhlükəsizlik konfiqurasiyanın dəyişməsində və yaxud dəyişməməsində maraqlı olan kifayət qədər qüvvələr mövcuddur. Regionda baş verən proseslərin inkişaf dinamikası təkcə, Cənubi Qafqazdan asılı olan məsələ deyil. Cənubi Qafqaz Mərkəzi Asiya, bütövlükdə Avrasiyanın ayrılmaz parçasıdır. Eyni zamanda Cənubi Qafqaz önəmli coğrafi mövqeyə malikdir. Cənubo Qafqaz Xəzər dənizi və Qara dəniz arasındaki mühim geostrateji əhəmiyyətə malik coğrafiyadır. Bu anspektən isə dünyanın müxtəlif ölkələrinin Cənubi Qafqaza maraq göstərməsi müxtəlif səbəblərdən, xüsusilə də Mərkəzi Asiyanın enerji resurslarına çıxış baxımından yaranır. Cənubi Qafqaz hər zaman yeni dünya nizamına uyğun olaraq ortaya çıxacaq ayrı-ayrı qüvvələrin diqqət mərkəzində olacaq. Amma özünü türkoloq adlandıran Ruben Safrastyanın Türk Dövlətləri Təşkilatını diqqətdən kənarda saxlaması xüsusi maraq doğurur. Çünki indiki şəraitdə Azərbaycan və Türkiyənin əsas hədəfləri TDT-a çərçivəsində inteqrasiya meyillərini gücləndirməkdən və təsisatı regional güc faktoruna daşımaqdan ibarətdir. Təbii ki, təşkilatın regional güc faktoruna çevirməsi istiqamətində ciddi addımların atıldığını görürük. Yəni hazırda regionda təsir güclərini formalaşdıran aktiv oyunçuların sırasında sadəcə Türkiyənin adının çəkilməsi yanlış yanaşma tərzidir. Burada bütövlükdə TDT-ya üzv olan ölkələrin ortaq maraqlarından və hədəflərindən söhbət gedir. Belə olduğu təqdirdə Azərbaycan başda olmaqla TDT-nın güclənəcəyi ehtimalı daha çoxdur”.

Ekspert qeyd edib ki, Rusiya da bölgədə öz təsir imkanlarını müəyyən ənənəvi metodlarla qoruyub saxlamağa çalışacaq:
“Lakin regionda artıq güc balansı formalaşmağa başlayıb və ehtimal olunan konturlar nəzərə çarpır. Türkiyənin diqqətinin daha çox Yaxın Şərqə yönəlməsi ilə bağlı səsləndirilən fikirlər isə erməni arzusundan başqa bir şey deyil. Türkiyə Yaxın Şərqlə bağlı bir çox məqamların öz yerini tapmasına nail olub. Terrorun kökünün kəsilməsi, PKK-nın terror təşkilatı kimi sıradan çıxması və Suriya ərazisindəki qruplaşmalarının faktiki olaraq silahı yerə qoyması Yaxın Şərqin ən böhranlı ölkələrindən birində problemin həllinin tamamilə yaxında olduğunu təsdiqləyir. Bu Suriya hakimiyyətinin mövqeylərini gücləndirəcək və Türkiyəyə öz sərhədləri yaxınlığında təhlükəsizliyin tam təmin olunmasına imkan verəcək. Terrorla mübarizənin  ən kəskin nöqtəsində belə Türkiyənin çoxşaxəli siyasət yürütdüyünü və Cənubi Qafqaza xüsusi diqqət ayırdığını ayrıca qeyd etmək lazımdır. Bu xüsusda Azərbaycan və Türkiyənin birgə əməkdaşlığını TDT-nın möykəmləndirilməsində əsas faktor kimi çıxış edir. Ruben Safrastyan erməni cəmiyyətini növbəti dəfə ümidləndirmək üçün məqsədyönlü mesajlar verməklə məşğuldur. Sözügedən türkoloqun Rusiya Şərqşünaslıq İnstitunun yetirməsi olduğunu nəzərə alsaq onun mülahizələrinin haradan yönəldiyini də müəyyənləşdirmək mümkündür”.
Избранный
25
sherg.az

1Источники